Qərb ölkələrinin ardıcıl şəkildə Fələstinin dövlət müstəqilliyini tanıması beynəlxalq münasibətlər sistemində yeni reallıq formalaşdırır. Bu yeni reallığın əsas xüsusiyyəti isə İsrail–Fələstin münaqişəsinin artıq İsraillə Qərb arasında açıq qarşıdurma müstəvisinə keçməsidir. Proses onu göstərir ki, yaxın günlərdə Fələstinin müstəqilliyini tanıyan Avropa və xristian dünyasının üzvü olan ölkələrin sayı daha da artacaq.
Qərb ölkələri, xüsusən də xristian dünyası artıq İsrailin “ərköyün uşaq” kimi sərgilədiyi davranışlara dözmək niyyətində deyil. Ona görə də ardıcıl olaraq Fələstinin müstəqilliyini tanımaqla İsraili “iki dövlətli həll” prinsipinə məcbur etmək üçün təzyiq diplomatiyasını işə salıblar.
İsrailə qarşı sərt mövqe sərgiləyənlərə anqlosaks güclər, xüsusən də Böyük Britaniya liderlik edir. ABŞ prezidenti Donald Tramp ötən həftə Böyük Britaniyaya dövlət səfəri zamanı bu qərarın əleyhinə olduğunu bildirsə də, rəsmi London mövqeyindən geri çəkilməyəcəyini bəyan edib. Bu qərar Britaniyanın xarici siyasətində tarixi dönüş nöqtəsi hesab olunur. Baş nazir Kir Starmer deyib: “Biz Fələstini sülh və iki dövlətli həll ümidinə malik bir dövlət kimi tanıyırıq”.
Kanadanın baş naziri Mark Karni də açıqlamasında 1947-ci ildən bəri bütün Kanada hökumətlərinin iki dövlətli həll yolunu dəstəklədiyini xatırladıb. O, həmçinin İsrailin beynəlxalq hüquqa zidd olaraq İordan çayının qərb sahilində məskunlaşma apardığını, on minlərlə dinc sakini öldürdüyünü, bir milyondan çox insanı köçkün vəziyyətinə saldığını və Qəzzada əhalini aclığa sürüklədiyini vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron isə bəyan edib ki, artıq daha çox gözləmək olmaz, Qəzza müharibəsinə son qoyulmalı və Fələstinin müstəqilliyi tanınmalıdır.
Tarixi səbəblər
Avropa və xristian dünyasının İsrailə qarşı sərt mövqe sərgiləməsinin bir sıra tarixi səbəbləri var:
Qüdsün dini əhəmiyyəti – Bütün səmavi dinlərin mərkəzi olan Qüdsün tamamilə yəhudilərin nəzarətində olması nə xristianların, nə də müsəlmanların maraqlarına uyğundur.
Dini ittihamlar – Xristian dünyasında yəhudilərin İsa peyğəmbərin çarmıxa çəkilməsində günahlandırılması tarixi yaddaşda qalır.
XX əsrin əvvəlinin müqavilələri – I Dünya müharibəsi dövründə imzalanmış Sazonov–Paleoloq (1915) və Seyks–Piko (1916) müqavilələri, eləcə də digər anlaşmalar Avropanın Yaxın Şərq üzərində hakimiyyət planlarını təsdiqləyirdi.
“Böyük İsrail” qorxusu – Xristian dünyası Yaxın Şərqdə İslamın mövqelərinin zəifləməsində İsrailin rolundan istifadə etsə də, bölgədə güclü bir “Böyük İsrail” dövlətinin yaranmasını istəmir. İsrailin son illərdə bu istiqamətdə atdığı addımlar Qərbdə ciddi narahatlıq doğurur.
ABŞ və digər güclərin mövqeyi
Maraqlı məqamlardan biri də ABŞ-nin Qərb ölkələrinin Fələstinin müstəqilliyini tanıması prosesinə səssiz qalmasıdır. Görünür, Ağ Ev yəhudi lobbisinin təsirinə baxmayaraq, ölkə daxilində güclü xristian yevangelistlərin təsirini də nəzərə alır. Yevangelistlərin əsas hədəfi isə İsa peyğəmbərin zühuru üçün Yaxın Şərqdə xaosun və qanlı savaşların davam etməsi ideyası ilə bağlıdır.
Buna görə də ABŞ İsrailə dəstək versə də, bu dəstəyin müəyyən həddi olduğu artıq görünür.
Yeni mərhələdə güclərin maraqları
İsrail-Qərb qarşıdurmasının dərinləşməsində maraqlı olan qüvvələr də mövcuddur. İlk növbədə Rusiya, Çin və İran bu vəziyyətdən öz maraqları naminə faydalanmağa çalışacaqlar.
Türkiyə isə bölgədə fərqli mövqe tutur. Ankara daim İsrailin işğalçılıq siyasətinə qarşı çıxıb və münaqişənin iki dövlətli həllini dəstəkləyib. İndi Qərbin Fələstinin müstəqilliyini tanıması Türkiyənin maraqlarına tam uyğundur və Ankara bu prosesi dəstəkləyir.
Əgər İsrail iki dövlətli həll prinsipinə razılıq verməsə, Təl-Əviv, xüsusən də Netanyahu hakimiyyəti ciddi təzyiqlərlə üzləşəcək. İsrail-Qərb qarşıdurmasının kəskinləşməsi yeni dünya düzəninin formalaşması istiqamətində gedən geosiyasi proseslərə mühüm təsir göstərəcək.
Mürtəza