EN

"Putin NATO-nun Baltikyanı ölkələri qorumaq iradəsini yoxlayır" - "Financial Times"

"Vaşinqtonun qeyri-müəyyən mövqeyi Moskva üçün əsas amilə çevrilib..."

NATO-nun rəsmi mövqeyi birmənalıdır: Alyans 32 üzv ölkəsinin hər qarışını qoruyacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

NATO-nun qəti bəyanatı və "Tapa" mesajı

Nəşr yazır ki, bu iradə Estoniyanın Rusiya sərhədinə yaxın yerləşən "Tapa" hərbi bazasında açıq şəkildə nümayiş etdirilib. Qeyd edilir ki, "tapa" sözünün eston dilində "öldürmək" anlamı da diqqətdən qaçmır. Sovet dövründə aviabaza olan bu ərazi indi Estoniya ordusu və Böyük Britaniya rəhbərliyindəki NATO qruplarının qərargahıdır.

ABŞ amilinin əhəmiyyəti

Məqalədə qeyd olunur ki, Moskva üçün ən böyük sual Vaşinqtonun reaksiyasıdır. ABŞ NATO-nun Avropadakı hərbi resurslarının təxminən 40 faizini, həmçinin ən müasir texnologiyaları təmin edir. Amerika əsgərləri Baltikyanı ölkələrdə mövcuddur: "Tapa" bazasında yaxınlarda HIMARS artilleriya bölməsi təlimlər keçirib, yaxın vaxtlarda isə ABŞ tank bölməsinin də gəlməsi gözlənilir.

Lakin əgər Rusiya birdən Estoniyaya və ya digər NATO ölkəsinə genişmiqyaslı hücum etsə, bütün diqqət ABŞ prezidenti Donald Trampın reaksiyasına yönələcək. Litvanın keçmiş xarici işlər naziri Qabrielyus Landsberqis təxribatla bağlı sual verərək deyib: "Putin nə gözləməlidir? ABŞ Altıncı donanmasının Baltik dənizinə gəlişini, yoxsa Alyaskada danışıqlara dəvəti?"

Tramp administrasiyası ilə Baltikyanı ölkələr arasında gərginlik

Nəşrə görə, Tramp administrasiyası ilə Baltik müttəfiqlər arasında real gərginlik var. Vaşinqtondakı bəzi dairələrdə Estoniya, Latviya və Litva Putinə qarşı "təhlükəli dərəcədə aqressiv" hesab olunur. Pentaqonda keçirilən yüksək səviyyəli görüşdə isə Baltik nümayəndələri Rusiyaya qarşı "ideoloji düşmənçilikdə" günahlandırılıb.

Şübhələr qarşılıqlıdır. Estoniya XİN-də BMT-də 2024-cü ilin fevralında keçirilən səsvermənin böyük təsviri asılıb - həmin vaxt ABŞ və Rusiya eyni mövqedən çıxış edib. Bu jest Baltik diplomatları üçün aydın mesaj olub: "Tramp administrasiyasının dəstəyinə arxayın olmayın".

Avropanın cavab potensialı

Əgər ABŞ kənarda qalsa, bölgədə britaniya, fransız, alman və kanadalı hərbçilər var. Bundan əlavə, Polşa və Finlandiya yaxşı silahlanmış ölkələrdir və öz təhlükəsizliklərini Baltikyanı ölkələrin taleyi ilə sıx bağlı görürlər. Bu səbəbdən onların da müdafiəyə qoşulacağı ehtimalı yüksəkdir. Nəşr vurğulayır ki, bütün bunlara baxmayaraq, Rusiya diktatoru üçün NATO-nun şərq sərhədlərini sınamaq ağılsız risk olardı. Amma 2022-ci ildə Kiyevə hücum zamanı dünya gördü ki, Putin belə risklərdən çəkinmir.

Rusiya təxribatları davam edir

Almaniyanın "Die Welt" qəzeti yazır ki, Rusiya pilotsuz uçuş aparatlarının, daha sonra isə qırıcılarının NATO hava məkanına daxil olması Qərbə açıq mesajdır: Putin yaxın vaxtlarda müharibəni dayandırmaq niyyətində deyil. Ekspertlər hesab edir ki, atəşkəs Kremlin daxili siyasi risklərini artıracaq. Lakin media və internet üzərində sərt nəzarət Putinə sülh sazişini də "xalq qələbəsi" kimi təqdim etməyə imkan verə bilər.

Bunun fonunda Estoniya NATO-ya müraciət edərək Baltik dənizi üzərində hava məkanının müdafiəsi üçün əlavə dəstək istəyib. Xatırladaq ki, Rusiya bu ay NATO hava məkanını artıq üç dəfə pozub. Estoniya hətta NATO müqaviləsinin 4-cü maddəsini işə salıb ki, bu da müttəfiqlər arasında təcili məsləhətləşmələrə və mümkün real addımlara yol açır.

Chosen
15
1
moderator.az

2Sources