EN

ADNSU-nun şəhid məzunu Teymur Rəsulova həsr olunmuş kitabın təqdimatı keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana-İnformasiya Mərkəzində Energetika fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Teymur Rəsulova həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında çıxış edən Kitabxana-İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova kitab barədə ətraflı məlumat verib. O bildirib ki, əsər iki hissədən ibarətdir: “Teymur Turan” adlanan birinci hissədə şəhidə həsr olunmuş şeirlər, esse və məqalələri əhatə edir. İkinci hissə isə “Teymurlu xatirələr” adlanır və Teymur Rəsulovun ailə üzvlərinin, döyüş yoldaşlarının, müəllimlərinin və yaxın dostlarının xatirələrini özündə birləşdirir.

Tədbirdə çıxış edən ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova şəhidlərin Azərbaycan xalqının qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, Vətən müharibəsində qazandığımız tarixi Zəfər ordumuzun gücünü və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. N.Əmirbəyova bildirib ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və dövlətimizin suverenliyi ilə ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Müşavir əlavə edib ki, ADNSU-nun məzunu olan Teymurun döyüş yolunu və Vətən sevgisini tələbələrə çatdırmaq bizim borcumuzdur: “Teymur Rəsulov kimi qəhrəman övladlarımız bugünkü azadlığımızın və sabahımızın təminatçısıdır. Onların xatirəsi daim uca tutulacaq, adları gələcək nəsillərə örnək olacaq”.

Tədbirdə şəhidin atası Yavuz Rəsulov və ailə üzvləri çıxış edərək qəhrəman övladları haqqında xatirələrini bölüşüblər, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Elektroenergetika kafedrasının müdiri dosent Sevinc Mirzəyeva, Energetika fakültəsinin tərbiyə işləri üzrə dekan müavini Tural Əliyev və Humanitar fənlər kafedrasının müəllimi Könül Abdullayeva da çıxış edərək şəhidin qəhrəmanlığından danışıblar. Onlar vaxtilə tələbələri olmuş Teymur Rəsulovun təhsil illərindən, nizam-intizamı və vətənpərvərliyi ilə seçilməsindən söz açaraq xatirələrini bölüşüblər.

Təqdimat zamanı ADNSU tələbələri Azər Bədəlov və Fərda Babayev hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Chosen
13
2
azertag.az

3Sources