EN

Vəziyyət dəyişdi, 90 ölkənin rəsmisi Bakıda toplandı Kritik iclas

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, sentyabrın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.

Tədbirdə 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərin ev sahibinə çevrilib:

“Bu, Azərbaycanın imicidir, müstəqil daxili və xarici siyasətinin təzahürüdür. O baxımdan, dünyanın müxtəlif ölkələrinin kəşfiyyat və əks-kəşfiyyat orqanlarının iştirakı ilə keçirilən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Konfrans son illərdə Azərbaycanın təhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlərin və beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin göstəricisidir. Bakı həm regional dövlətlər, həm də qlobal güclər arasında etimadın formalaşdırılması üçün mühüm görüş yeri rolunu oynayır.

Bu gün dünyada nizam dəyişib. Dini ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, separatizm, silah qaçaqmalçılığı və digər hüquqa zidd əməllər təhlükəsizlik sisteminin qorunmasına ciddi təhdidlər yaradır. Təəssüf ki, beynəlxalq hüquq artıq tam şəkildə pozulub, güc isə əsas meyar kimi önə çıxıb.

Keçirilən konfrans regional sabitlik, sərhədlərin təhlükəsizliyi, enerji və nəqliyyat dəhlizlərinin qorunması, terrorizmə qarşı mübarizə və digər aktual məsələlərin müzakirəsi üçün geniş şərait yaradıb. Forum həm bu gün, həm də gələcəkdə koordinasiyalı şəkildə təhdidlərin qarşısının alınmasında mühüm rol oynayacaq. Azərbaycanın təşəbbüsü ilə ölkəmiz təkcə enerji və nəqliyyat mərkəzi deyil, həm də təhlükəsizlik məsələlərinin koordinasiya edildiyi strateji arenaya çevrilib.

Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, hüquq-mühafizə orqanlarının və digər qurumların birgə səylərinin, həmçinin Ali Baş Komandanın tapşırıqlarına uyğun keçirilən tədbirlərin nəticəsidir”.

Arzu Nağıyev

Deputat Prezident İlham Əliyevin də forum iştirakçılarını təbrik etdiyini, Azərbaycanın təhlükəsizlik məsələlərində qlobal gündəmdə aktiv mövqeyə sahib olduğunu vurğuladığını söyləyib:

“Prezident sülh, qarşılıqlı etimad və əməkdaşlıq prinsiplərinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.

Dövlət başçısı çıxışında Vaşinqton görüşünə istinad edərək bildirdi ki, regionda yeni reallıqlar fonunda Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi sabitlik və inkişafa xidmət edəcək. Ən mühüm mesajlardan biri də bu idi: Azərbaycan yalnız öz təhlükəsizliyini deyil, regional və beynəlxalq təhlükəsizliyi də gücləndirmək niyyətindədir.

Konfransda aparılan müzakirələr və qəbul edilən qərarların əsas istiqaməti də məhz bundan ibarət oldu. Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin olunması yalnız region üçün deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları açacaq.

Forum gələcəkdə də davam etdiriləcək. Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq konfransın katibliyi və digər icraçı orqanları artıq yaradılıb”.

Politoloq İlyas Hüseynov deyib ki, üçüncü dəfə keçirilən Bakı Təhlükəsizlik Forumu çərçivəsində xarici ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndə heyətləri ölkəmizə gəlib:

“Forumun ildən-ilə daha böyük maraq doğurması və iştirakçı sayının artması diqqət çəkir. Bu, dünyada təhlükəsizlik tədbirlərinə olan tələbatın artması ilə bağlıdır. Davamlı dialoq, müzakirə və məsləhətləşmələrə ehtiyac getdikcə çoxalır.

Builki tədbirin mövzusu da olduqca aktualdır. Terror aktları və silahlı münaqişələr zamanı ciddi humanitar böhranlar yaşanır. Eyni zamanda, texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyətinə böyük ehtiyac var. Burada təkcə ayrı-ayrı dövlətlərin daxilində fəaliyyət göstərən təhlükəsizlik qurumlarının koordinasiyası deyil, həm də müxtəlif dövlət qruplarının belə hallarda birgə və operativ şəkildə hərəkət etməsi zəruridir.

İlyas Hüseynov

Bu istiqamətdə bir sıra nümunələr göstərmək mümkündür. Təhlükəsizlik orqanları ilə yanaşı, digər aidiyyəti qurumlar da yüksək peşəkarlıq nümayiş etdirməlidirlər. Belə müzakirələrin aparılması və Azərbaycanın təhlükəsizlik sahəsində beynəlxalq platforma təşkil etməsi bir tərəfdən ölkəmizin nüfuzunun artmasına xidmət edir, digər tərəfdən isə bu qədər həssas bir dövrdə təhlükəsizlik sahəsinə verilən önəmin göstəricisidir.

Əlamətdar məqamlardan biri də odur ki, forum iştirakçılarına Prezident İlham Əliyevin müraciəti ünvanlanıb. Bu müraciətdə bir sıra mühüm məsələlər öz əksini tapıb. Azərbaycanın xüsusi xidmət orqanları və təhlükəsizlik qüvvələri Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə yüksək peşəkarlıq nümayiş etdiriblər. Düşmənin həyata keçirdiyi hibrid və informasiya hücumları ifşa olunub”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
globalinfo.az

1Sources