EN

Dünyanın ən güclü maliyyə şirkətlərindən daha 3-ü İlham Əliyevlə görüş istədi...


Prezident İlham Əliyev dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt,“Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb.

Hər 3 şirkət dünyanın ən böyük maliyyə qurumlarındandır.

Hər üç görüş qarşı tərəfin təşəbbüsü əsasında baş tutub.

Maraqlıdır, dünyanın üç maliyyə nəhənginin İlham Əliyevlə görüşə təşəbbüs göstərməsinin kökündə nə dayanır?

Baki-xeber.com nəşrinə görə, burada bir neçə əsas məqam var. Dünyanın üç aparıcı maliyyə qurumunun – Brookfield Asset Management, Neuberger Berman və Blackstone rəhbərlərinin eyni forum çərçivəsində Prezident İlham Əliyevlə görüşə təşəbbüs göstərməsi təsadüfi deyil. Bunun kökündə həm iqtisadi, həm də geosiyasi amillər dayanır.

Azərbaycanın artan iqtisadi çəkisi və sabitliyi burada əsas amildir. Azərbaycan son illərdə sürətlə inkişaf edən və risqləri nisbətən aşağı olan bir iqtisadiyyat kimi investorların diqqətini çəkir.

Enerji gəlirlərinin düzgün idarə olunması, qeyri-neft sektorunun genişləndirilməsi və infrastruktur layihələri investorlar üçün cazibədardır.

Bu məsələdə strateji coğrafi mövqe və tranzit imkanları da öz sözünü deyir. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin mərkəzindədir.

Bu, böyük maliyyə qurumları üçün logistika, nəqliyyat, enerji və ticarət layihələrinə sərmayə qoymaq imkanı yaradır. Xüsusilə Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın artan rolu diqqəti cəlb edir. Günəş, külək və hidroenerji layihələri üçün böyük potensial var. Dünyanın iri maliyyə qurumları artıq bu sahələrə uzunmüddətli sərmayə yatırmaq istəyirlər.

Prezident Əliyevin son çıxışlarında dövlət-özəl tərəfdaşlıq mexanizmlərinin dəstəklənməsi vurğulanır. Bu, qlobal maliyyə qurumları üçün etibarlı hüquqi baza və təminat deməkdir.

Azərbaycanın həm regional, həm də qlobal diplomatiyada fəal mövqeyi – Qarabağda bərpa, COP29-un Bakıda keçirilməsi və enerji diplomatiyası – ölkəni investorlar üçün güvənilən tərəfdaş kimi təqdim edir. Yəni dünyanın üç nəhəng maliyyə şirkətinin bu cür təşəbbüs göstərməsi, əslində, Azərbaycanın artıq “investisiya üçün yeni qlobal mərkəzlərdən biri” kimi qəbul edilməsinin bariz nümunəsidir. Bu görüşlərin Azərbaycan üçün gözlənilən nəticələrinə gəldikdə isə, dünyanın ən böyük maliyyə fondları Azərbaycanın yaşıl enerji layihələrinə (külək, günəş, yaşıl hidrogen) böyük həcmdə sərmayə qoyacaq.

Bu görüşlər Azərbaycanın qarşıdakı 10 ildə 100 milyardlarla dollarlıq investisiya potensialı qazana biləcəyinə işarədir. Dünyanın üç maliyyə nəhənginin İlham Əliyevlə görüşə təşəbbüs göstərməsi Azərbaycanın artıq böyük qlobal oyunçular üçün strateji tərəfdaş statusunu təsdiqləyir.

Dəniz NƏSİRLİ

Chosen
45
baki-xeber.com

1Sources