"Kanal S"də "Sözün bitdiyi an" verilişinin aparıcısı kimi tanınan Nigar Fərhadın rəhbəri olduğu "AID Language Center" MMC ilə bağlı dələduzluq iddiası var.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, vətəndaş Kamil Həsənli Azad İstehlakçılar Birliyinə müraciət edərək məsələnin ictimailəşdirilməsini xahiş edib.
Kamil Həsənli bildirib ki, 31 mart 2025-ci il tarixində internet resurslarından tapdığı elan əsasında xalası oğlu Kamran Həsənovun vasitəsilə "AID Language Center" MMC-nin əməkdaşı Gülay Məmmədova ilə müqavilə imzalayıb.
Müqavilə Kamil Həsənlinin yaşının az olmasına görə onun xalası oğlunun adı ilə bağlanıb. Lakin ödənişi - 3 400 manat məbləği Kamil Həsənli özü edib.
Müqaviləyə əsasən, qarşı tərəf onu xaricdə təhsil almaq üçün göndərəcəyini vəd edib. Kamil Həsənlinin sözlərinə görə, bütün sənədlər əvvəlcədən MMC-yə təqdim olunub, ödəniş isə tam şəkildə nağd həyata keçirilib. Şirkətin digər əməkdaşları - Jalə, Samir və Gülay ona Almaniyada peşə təhsili veriləcəyini, təhsil müddətində ayda 1000 avro ödənəcəyini və yaşayış yeri ilə təmin olunacağını bildiriblər. O da bu vədlərə inanaraq 3400 manat ödəyib.
Lakin 3 ay ərzində müxtəlif bəhanələrlə vaxt uzadılıb, nəticədə, Kamil Həsənliyə 9 illik attestatının xaricdə təhsil üçün yetərli olmadığı bildirilib. Halbuki sənədlər əvvəlcədən təqdim olunmuşdu. O bu ilin iyulundan pulunun geri qaytarılmasını tələb etsə də, müraciətlərinə cavab verilməyib.