Laçına növbəti köç reallaşdı
Bu gün işğaldan azad edilmiş ərazilərimizin yolları yenidən insan ayağı, uşaq səsi, ana duaları ilə nəfəs alır. Bu torpaqlar illərdir həsrətin, ayrılığın, amma eyni zamanda ümidin, qürurun və dönməz iradənin ünvanı idi. Bəli, hələ də dağıdılmış evlər, yanmış ağaclar, çöllərə çevrilmiş bağlar var. Amma ən əsası xalq var, iradə var, dövlət var, Ali Baş Komandanın rəhbərliyi ilə zəfər qazanmış ordumuz var.
Bəzən torpağın özünün də insan nəfəsinə ehtiyacı olur. Həmin torpaqlarımızdan biri də Laçındır. İndi həmin torpağa nəfəs veririk, ailə ocaqlarıyla, məktəblərlə, uşaq gülüşləriylə, dua ilə... Nəhayət, illərlə çəkilmiş ağrıların, hicranın sonu gəlib çatdı, işğaldan azad edilmiş digər ərazilərimiz kimi Laçına da köç başlandı. Bu, sadəcə, fiziki bir köç deyil, bir xalqın kökündən qopmadığını, torpağına sədaqətini nümayiş etdirən böyük bir dönüşdür.
İlk köç...
Xatırladaq ki, Laçına ilk köç 2023-cü il mayın 27-də baş tutmuşdu. Həmin gün Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.
86 nəfər yola salındı
Dünən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.
Prezidentin dedikləri reallaşır...
Ölkə başçısı 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımların atılacağını vurğulamışdı: “Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır.
Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Biz bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik.
Dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək”.
Laçına köç qoparılan bütün tellərin bir-bir yenidən bağlandığı, ruhun dirildiyi, xalqın ayağa qalxdığı müqəddəs başlanğıclardan biridir. Bu başlanğıcda hər birimizin izi, hər birimizin səsi var...
Yeganə BAYRAMOVA