ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşlərdən sonra Ukrayna ilə bağlı açıqlamaları ilə diqqət çəkib.
Modern.az-ın məlumatına görə, o, sosial şəbəkə paylaşımında Ukraynanın Rusiyanın nəzarətində olan bütün ərazilərini geri qaytara biləcəyini bildirib.
Trampın bu bəyanatı onun əvvəlki mövqeyindən ciddi şəkildə fərqlənir. Daha öncə Ukraynaya ərazi güzəştləri müqabilində sülhə razı olmağı tövsiyə edən ABŞ lideri indi deyir ki, Putin və Rusiya böyük iqtisadi problemlərlə üzləşib.
"Ukrayna üçün bu, bütün torpaqlarını geri qaytarmaq üçün əlverişli məqamdır” - deyə o vurğulayıb.
Trampın bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra səslənib. Zelenski mətbuata açıqlamasında görüşü “yaxşı və konstruktiv” adlandırıb və ABŞ prezidentinin mövqeyində “böyük dönüş” olduğunu deyib. O, "Fox News"a müsahibəsində də tərəflərin mövqelərinin “indiyədək heç olmadığı qədər yaxın” olduğunu qeyd edib.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Trampın sözlərini yüksək qiymətləndirib: “Biz bu qədər güclü bəyanatları indiyədək eşitməmişdik, yaxşıdır ki, indi eyni mövqedəyik”.
Trampın ritorikasının hələlik ABŞ siyasətində konkret addımlara çevrilmədiyi diqqət çəkir. O, yalnız “NATO-ya silah verməyə davam edəcəyini” bildirib.
Rusiyanın BMT-dəki səfir müavini Dmitri Polyanski isə Trampın bəyanatlarını əhəmiyyətsiz adlandırıb: “Hər tvitə bu qədər sevinməyə dəyməz.”
Trampın mövqeyindəki bu dəyişiklik Vaşinqtonun rəsmi siyasətində dərhal dəyişiklik yaratmasa da, Ukraynada və Avropa paytaxtlarında ümidlə qarşılanıb. Analitiklər isə Trampın bu dönüşünün nə qədər davamlı olacağına hələ şübhə ilə yanaşırlar.