EN

Bakı beynəlxalq sərmayənin cəlb olunduğu mərkəzə çevrilir

AIIF-2025 çərçivəsində imzalanan milyardlıq sazişlər Cənubi Qafqazda iqtisadi fəallığı artırır

Bakı şəhərində keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) ölkəmizin iqtisadi inkişaf konsepsiyasının yeni mərhələsini açıq şəkildə nümayiş etdirən mühüm hadisədir. Bu Forum həm Azərbaycanın beynəlxalq tərəfdaşlara təqdim etdiyi gələcək inkişaf trayektoriyasını göstərir, həm də parçalanmış və qeyri-müəyyənliklərin artdığı qlobal iqtisadi sistemdə ölkəmizin strateji rolunu daha aydın şəkildə ortaya qoyur. Təsadüfi deyil ki, tədbirin əsas mövzusu “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” seçilmişdir. Bu mövzu Azərbaycanın coğrafi mövqeyinin verdiyi üstünlüklərin beynəlxalq miqyasda daha səmərəli istifadəsi baxımından olduqca aktualdır.

Forum çərçivəsində müzakirə olunan məsələlər arasında xüsusilə yaşıl enerji və dayanıqlı iqtisadiyyat ideyalarının ön plana çəkilməsi diqqətçəkən məqamlardandır. Azərbaycan uzun illərdir enerji ixracatçısı kimi tanınsa da, hazırkı mərhələdə ölkəmiz yalnız ənənəvi enerji resurslarının deyil, həm də alternativ və bərpaolunan enerji mənbələrinin regional və qlobal bazarlara çıxarılmasında mühüm oyunçuya çevrilməkdədir. Bu, həm milli iqtisadiyyatın şaxələndirilməsi, həm də qlobal çağırışlara cavab verilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciət də göstərir ki, Azərbaycanın inkişaf modelində artıq yaşıl enerji amili xüsusi prioritet kimi müəyyən edilib. Dövlət başçısının vurğuladığı məsələlər, bir tərəfdən ölkəmizin iqtisadiyyatında innovativ yanaşmaların və ekoloji davamlılığın ön plana çıxdığını təsdiqləyir, digər tərəfdən isə beynəlxalq tərəfdaşlara açıq mesaj verir ki, Azərbaycan qarşıdakı illərdə də həm regional, həm də qlobal iqtisadi proseslərdə etibarlı və strateji tərəfdaş olaraq qalacaq.

Qeyd olunan məsələlərin diqqətçəkən tərəfi odur ki, Azərbaycan artıq sadəcə nəzəri konsepsiyalarla kifayətlənmir, konkret addımlar atır. Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonası” yalnız ekoloji baxımdan təmiz istehsalın deyil, həm də müasir texnologiyaların tətbiqi ilə iqtisadiyyatın yenilənməsinin simvoludur. Burada günəş və külək enerjisi potensialının reallaşdırılması ilə yanaşı, “ağıllı infrastruktur” konsepsiyası da tətbiq olunur ki, bu da ölkənin innovativ idarəetmə modelinə keçid niyyətini təsdiqləyir.

Forumda "yaşıl iqtisadiyyat" mövzusunun yalnız enerji layihələri ilə məhdudlaşmaması xüsusi vurğulandı. Ekoloji davamlılıq bütün resursların, xüsusilə də su ehtiyatlarının qorunması ilə sıx bağlıdır. Bu səbəbdən hökumət konkret tədbirlər planı həyata keçirməkdədir. Yağış sularının toplanması və kollektorların qurulması həm kənd təsərrüfatında suvarma problemlərinin həlli, həm də şəhər təsərrüfatında ekoloji tarazlığın qorunması baxımından mühüm addımdır. Digər tərəfdən, Xəzər dənizində duzsuzlaşdırma zavodlarının inşası Azərbaycanın su təminatında strateji dönüş yarada bilər. Bu cür texnologiyaların tətbiqi ölkənin təbii ehtiyatlardan asılılığını azaldaraq dayanıqlı inkişaf modelinə xidmət edir.

Əlavə olaraq Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq da Azərbaycanın su resurslarının idarə olunmasında beynəlxalq tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini göstərir. Bu əməkdaşlıq yalnız texnoloji imkanların artırılması deyil, həm də regional və qlobal miqyasda ekoloji həllərin paylaşılması baxımından önəmlidir.

AIIF-2025 çərçivəsində imzalanan sazişlərin ümumi dəyərinin 5,5 milyard ABŞ dollarını aşması Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi. Bu, təkcə Forumun simvolik uğuru deyil, həm də ölkəmizin gələcək iqtisadi xəritəsini formalaşdıracaq konkret layihələrin əsasını qoyan strateji nəticədir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu sazişlər bölgədə iqtisadi fəallığın artmasına da xidmət edir. Avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış sənədin məntiqi nəticəsi olaraq Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları formalaşır. Bölgədə yaranan bu yeni iqtisadi imkanlar fonunda Azərbaycan həm xarici tərəfdaşlarla əməkdaşlığı genişləndirir, həm də investisiya mühitini daha da gücləndirir. Belə bir təşəbbüsün konkret nümunəsi kimi I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “China Datang Overseas Investment Co.” şirkəti arasında ölkədə “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandumu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Çin şirkətinin baş meneceri Yuanlong Zhou imzalayıblar.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması Azərbaycanın investisiya mühitinə bir neçə istiqamət üzrə öz müsbət təsirini göstərəcəkdir. Bunları nəzəri olaraq əsas təsir və multiplikativ təsir kimi iki hissəyə ayırmaq olar: “Əsas təsirlər bilavasitə ölkəyə xarici kapital axınını təmin edir, sənaye istehsalını gücləndirir, ixrac potensialını artırır və Çin texnologiyalarının, eyni zamanda, idarəçilik modellərinin ölkəmizə gətirilməsinə imkan verir. Amma bununla təsirlər bitmir. Burada multiplikativ effektlər də vardır ki, xarici investorlar üçün ölkəmiz haqqında müsbət siqnallar yaradır. Parkda yaranan bu şərait bütöv regionda biznesləri stimullaşdırır və yerli şirkətlər də xarici tərəfdaşlarla əməkdaşlıq edərək yeni iqtisadi sahələrin yaranmasına imkan qazanırlar. Həmçinin həmin şirkətlərlə əməkdaşlıq çərçivəsində yerli şirkətlər öz imkanlarını daha da artırır, inkişaf edir və yeni subyektlər formalaşır.

Konkret olaraq yaşıl enerji strategiyası istiqamətində olan effektlərə gəldikdə isə, istehsalın bərpaolunan enerji əsasında təşkil edilməsi məhsuldarlığın artması deməkdir. Yeni texnologiyaların ölkəmizə gətirilməsi isə istehsalın modernləşdirilməsinə imkan verir. Eyni zamanda, bu tip əməkdaşlıq formatları kadr potensialının formalaşmasına ciddi töhfə verir, təhsil müəssisələrini və startapları stimullaşdırır, ümumi ekosistemi zənginləşdirir.

Burada məşğulluq məsələləri, ekoloji faydalar, Azərbaycanın qlobal səviyyədə ekoloji imicinin gücləndirilməsi və ekoturizmin inkişafına töhfə verən məqamlar da mövcuddur. Beləliklə, "Yaşıl Enerji Sənaye Parkı"nın yaratdığı müsbət təsirlərin çoxluğu kifayət qədər əhəmiyyətlidir və ölkənin dayanıqlı iqtisadi inkişafına xidmət edir”.

Nigar Orucova, “İki sahil”

Chosen
15
ikisahil.az

1Sources