EN

Əlyazmalar İnstitutunda Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan musiqi mədəniyyətinin bünövrəsini qoymuş, Şərqdə ilk opera və musiqili komediyanın müəllifi, görkəmli bəstəkar, pedaqoq və publisist Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan müəssisənin direktoru akademik Teymur Kərimli Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, ictimai xadim Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından, onun yüksək mənəvi dəyərə malik irsindən bəhs edib. Bildirib ki, Üzeyir Hacıbəyli parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına və ümumiyyətlə, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verib, novator sənətkar kimi milli musiqi xəzinəsini forma və janrlarla zənginləşdirib. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan bu görkəmli şəxsiyyətin milli musiqimizdə köklü dönüş yaratmış əsl dahi olduğunu diqqətə çatdıran alim çıxışında Üzeyir Hacıbəyli musiqisinin Azərbaycan xalqının ruhunu, ədəbiyyatını və tarixini mükəmməl şəkildə əks etdirdiyini vurğulayıb.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Nigar Babaxanova, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri dosent Nailə Səmədova, həmin şöbənin böyük elmi işçisi Aytən İmanova və elmi işçisi Xanımbacı Məlikzadə, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla məruzələrində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin arxiv materiallarından, Üzeyir Hacıbəyli yaradıcılığında gender bərabərliyi məsələlərindən, bəstəkarın ictimai-siyasi fəaliyyətindən, onun milli musiqimizə xidmət edən zəngin və qiymətli ədəbi irsindən, o cümlədən musiqi əsərlərinin əlyazma nüsxələrindən bəhs ediblər. Çıxışlarda Üzeyir bəyin zəngin yaradıcılığına dair maraqlı faktlar diqqətə çatdırılıb.

Tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Kitabxanası və Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı “Üzeyir Hacıbəyli – 140” adlı sərgi ilə tanış olublar. Sərgidə görkəmli bəstəkarın əlyazmaları və musiqi əsərləri, elmi-publisistik materialları, portreti və fotoları nümayiş olunub.

 

Chosen
9
azertag.az

1Sources