EN

Oslonun mərkəzində iki partlayıcı qurğu aşkarlanıb

Partlayıcı qurğular kral sarayının və İsrail səfirliyinin yaxınlığında yerləşdirilib...

Poliqon Bild nəşrinə istinadən xəbər verir ki, Norveçin paytaxtı Oslonun mərkəzində, kral sarayı və İsrail səfirliyindən cəmi bir neçə yüz metr məsafədə iki partlayıcı qurğu aşkarlanıb. Onlardan biri partlayıb, digəri isə polis tərəfindən idarə olunan şəkildə zərərsizləşdirilib.

Norveç polisi əhaliyə mobil telefonlara göndərilən təcili xəbərdarlıq vasitəsilə məlumat verib. Rəsmi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. İkinci partlayıcı qurğunun hərbi tipli əl qumbarası olduğu bildirilib.

Əməliyyata rəhbərlik edən Briyan Skotnes jurnalistlərə açıqlamasında deyib: “Bizim əsas hipotezamız bunun kriminal hesablaşma ilə bağlı olmasıdır, amma digər versiyaları da istisna etmirik.”

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları bir nəfəri saxlayıb. Norveçin TV2 telekanalı və Aftenposten qəzetinin mənbələrinə görə, şübhəli şəxs 13 yaşlı yeniyetmədir. Onun kimliyi rəsmi olaraq açıqlanmır.

Qeyd edək ki, bu insidentdən cəmi bir gün əvvəl Kopenhagen və Oslo hava limanları üzərində naməlum dronlar müşahidə edilmiş, nəticədə hava nəqliyyatında ciddi fasilələr yaranmışdı.

Poliqon.info

Chosen
38
poliqon.info

1Sources