EN

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq enerji sahəsində qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə icra edildiyini bildirib. Qeyd edilib ki, ölkəmiz bu gün reallaşdırdığı regional əməkdaşlıq layihələrinin hər birində lider mövqeyindədir və dövlət başçısının vizyonu ilə həyata keçirilən enerji siyasəti həm milli maraqlara, həm də beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.

İclasın gündəliyə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyəti haqqında hesabat təqdim edilib. İşğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji üzrə ölçü-müşahidə qurğularının quraşdırılması, günəş, külək və su elektrik stansiyalarının tikintisi, enerji səmərəliliyi, hidroenerji, geotermal enerji və bioenerji mənbələrindən istifadənin qiymətləndirilməsi, hidrogen texnologiyası, hidroakkumulyasiya texnologiyasının tətbiqi imkanlarının araşdırılması üzrə görülən işlər nəzərdən keçirilib. Yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin icrası, Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması, küçə və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl” texnologiyalara dair tələblərin müəyyən edilməsi üzrə atılan addımlar müzakirə olunub. Eyni zamanda, Naxçıvanda “Yaşıl Enerji” zonasının inkişafına dair Konsepsiya və Tədbirlər Planının hazırlanması, eləcə də ixrac yönümlü infrastruktur layihəsinin texniki-iqtisadi əsaslandırılması ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb.

Cari ilin 1-ci yarımilli üzrə Energetika Nazirliyində icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılması barədə geniş məlumat verilib, sənədlərlə iş və nəzarət mexanizmləri üzrə görülmüş işlər nəzərdən keçirilib. Dövlət başçısının müvafiq Fərman və Sərəncamlarından irəli gələn, eləcə də nazirliyin iş planı üzrə tapşırıqların icra səviyyəsi təhlil edilib.

İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verib.

Chosen
10
6
azertag.az

7Sources