elminin inkişafı baxımından yüksəkixtisaslı kadrların hazırlanması və müasir
laboratoriya avadanlıqları ilə təminat son dərəcə vacibdir”
Professor Saleh Məhərrəmov: "Dünya
elminin tələblərinə cavab vermək üçün müasir laboratoriyaların qurulmasına
böyük ehtiyac vardır”
AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov: "Genetika sahəsində əsas fəaliyyət istiqamətimiz kənd təsərrüfatı
heyvanlarının genetik ehtiyatlarının öyrənilməsidir”
Professor Saleh Məhərrəmov: "Torpaqlarımızın
işğaldan azad olunması genetika və dendrologiya sahəsində tədqiqatların əhatə
dairəsini daha da genişləndirib”
Mən çox istərdim
ki, elmimiz, təhsilimiz daha da inkişaf etsin, yüksək səviyyəyə qalxsın...
Sentyabrın 25-də tanınmış bioloq alim, Əməkdar elm xadimi, Genetik
Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin
müdiri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmovun 60 yaşı tamam olur.
Alim yubileyi ərəfəsində elmi-pedaqoji fəaliyyəti, genetika və biomüxtəliflik
sahəsində apardığı tədqiqatların nəticələri, AMEA-nın 80 illik yubileyi, dövlət
başçısının Vaşinqton səfəri və digər aktual mövzularda suallarımızı
cavablandırıb.
– Hörmətli Saleh
müəllim, əvvəlcə sizi 60 yaşınız münasibətilə təbrik edirik, sizə möhkəm cansağlığı,
yaradıcılıq uğurları arzu edirik. Saleh müəllim, 60 illik yubileyiniz həm şəxsi
həyatınız, həm də elmi fəaliyyətiniz baxımından mühüm bir mərhələdir. Bu illər ərzində
keçdiyiniz elmi və pedaqoji yolun hansı məqamlarını xüsusi vurğulamaq istərdiniz?
– Təbrikə görə sağ olun, təşəkkür edirəm. Təbii ki, hər bir insanın həyatında
müəyyən məqamlar, anlar var ki, onlar heç zaman unudulmur. Orta məktəb dövrü və
tələbəlik illəri mənim heç vaxt yadımdan çıxmır. Ali məktəbi fərqlənmə diplomu
ilə bitirmişəm. Xatırlayıram ki, həmin illərdə bir neçə kafedra müdiri mənim Azərbaycan
Dövlət Aqrar Universitetində qalmağımı, orada fəaliyyət göstərməyimi istəyirdilər.
Uzun illər Azərbaycan Elmi-Tədqiqat İnstitutuna rəhbərlik etmiş, AMEA-nın
müxbir üzvü Nəriman Şirinov dövlət imtahanında məni aspiranturada təhsil almağa
dəvət etdi.
Xatırlayıram ki, Moskvada "Helmintosid otlaq bitkiləri və baldırğanın
toksikoloji
qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyamı müdafiə etdiyim
zaman çox böyük sevinc və qürur hissi keçirmişdim. Bütün bunlar gənclik illərimin
ən gözəl xatirələridir.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 17 may 2013-cü il
tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin olunmağım,
2014-cü ildə ölkə başçısının digər Sərəncamı ilə "Əməkdar elm xadimi” fəxri
adına layiq görülməyim, həmçinin 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilməyim –
hər biri mənim ömrümdə, həyatımda, elmi-pedaqoji fəaliyyətimdə xüsusi izi olan
hadisələrdir. Mən bu gün də elmimizin inkişafı yolunda əzmlə irəliləyirəm, fəaliyyətimi
daim genişləndirməyə, yeni kadrlar yetişdirməyə çalışıram.
– Naxçıvan Dövlət
Universitetinin rektoru olduğunuz müddətdə bu ali təhsil müəssisəsində hansı
mühüm islahatlar həyata keçirilmişdir?
– Fikrimcə, elm və təhsilin inkişafının, dünya elminə inteqrasiyanın iki əsas
amili vardır: yüksəkixtisaslı kadr potensialı və müasir laboratoriya
avadanlıqları ilə təminat. Bu iki faktor bir araya gəldikdə, hər bir akademik
qurum elm və təhsil sahəsində mühüm nailiyyətlərə imza ata bilər.
Dünyada tanınan azərbaycanlı alimlərin nailiyyətləri buna ən yaxşı
sübutdur. Məsələn, Lütfi Zadənin süni intellekt sahəsində irəli sürdüyü qeyri-səlis
məntiq nəzəriyyəsi dünya elminə, süni intellektin və elektronikanın inkişafına
inqilabi təsir göstərmişdir. Bu böyük alim də həmvətənimizdir. Deməli, əgər
müasir laboratoriyalarımız və kifayət qədər texniki təminatımız olsa, biz dünya
elminə böyük töhfələr, nailiyyətlər bəxş edə bilərik. İnanıram ki, Azərbaycanın
iqtisadi inkişafı gələcəkdə bu istiqamətdə daha geniş imkanlar yaradacaq və
elmi müəssisələrin maddi-texniki baza ilə təminatı daha yüksək səviyyəyə
çatacaqdır.
Qeyd etmək istəyirəm ki, mən Naxçıvan Dövlət Universitetində rektor vəzifəsində
çalışdığım dövrdə yeni laboratoriya avadanlıqlarının alınmasına xüsusi önəm
verirdim. Bir neçə faktı xatırlatmaq istərdim. Universitetin Memarlıq və mühəndislik
fakültəsinin "Dəmiryol nəqliyyatı tikinti mühəndisliyi” ixtisası üçün Rusiyadan
təqribən 94 min dollar dəyərində "Dəmiryol stansiyalarının Avtomatik İdarəetmə
Sistemi’ni almışdıq. Kimya laboratoriyasında dərslərin daha çox təcrübə əsasında
keçirilməsi üçün müxtəlif reaktivlər gətirilmişdi. Fizika laboratoriyası üçün
Rusiyadan təxminən 20 min dollar dəyərində laboratoriya avadanlıqları, eləcə də
Coğrafiya kafedrası üçün küləyin sürətini, torpağın nəmliyini və digər göstəriciləri
ölçmək üçün yeni cihazlar alınmışdı. Nəticədə, dərslərin təxminən 80 faizi
artıq laboratoriyalarda, təcrübə əsasında aparılırdı. Bundan başqa, Türkiyədən
"Hüquq” ixtisası üzrə cinayət işlərinin araşdırılmasında istifadə olunan,
barmaq izlərini götürmək üçün müasir cihazlar almışdıq. Naxçıvanda ilk dəfə təhsil
müəssisəsi kimi NDU-nun Bədən tərbiyəsi və idman kafedrasına təxminən 5 min manatdan artıq dəyəri olan boks
rinqi almışdıq. Bu isə, Naxçıvanda boks üzrə universitetlərarası yarışların
NDU-da keçirilməsinə səbəb olmuşdu. Bütün bu təşəbbüslərə şəxsən rəhbərlik
etmişəm.
Rektor kimi fəaliyyətim dövründə həm də kadr siyasətinə xüsusi diqqət
yetirmişəm. Həmin illərdə Naxçıvan Dövlət Universitetində Filologiya sahəsində
Müdafiə şurası fəaliyyət göstərirdi, müəyyən hallarda isə birdəfəlik şuralar
yaradılırdı. Mənim təşəbbüsümlə iki ixtisas üzrə daimi Müdafiə şuralarının yaradılmasına
nail olmuşduq. Burada namizədlik və doktorluq dissertasiyalarının müdafiələri keçirilirdi.
Onu da qeyd edim ki, öz sahəm üzrə çoxsaylı kadrların hazırlanmasına nail
olmuşam.
Mənim rəhbərliyimlə 4 nəfər namizədlik dissertasiyasını uğurla müdafiə
edib və hazırda NDU-da çalışır. Bundan əlavə, elmi rəhbərliyimlə dissertasiya
müdafiə etmiş alim və mütəxəssislər Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət
Universiteti, həmçinin digər müxtəlif ali məktəblərdə, elmi-tədqiqat müəssisələrində
fəaliyyət göstərirlər. Bu, mənim üçün böyük qürur və fərəh mənbəyidir.
– Saleh müəllim, hazırda
sizin rəhbərlik etdiyiniz Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı
heyvanlarının genetik ehtiyatları şöbəsində aparılan tədqiqatlar ölkəmizdə kənd
təsərrüfatının inkişafında hansı rola malikdir?
– Əvvəlcə onu qeyd edim ki, bizim şöbədə vaxtilə heyvandarlıq sahəsində
yeni cinslərin alınması ilə bağlı xeyli tədqiqatlar aparılmışdır. Lakin
institutun əsas fəaliyyət istiqaməti bitkiçilikdir. Çünki burada genetik baza
mövcuddur və əsasən müxtəlif bitkilərin toxumları saxlanılır. Kənardan gətirilən
bitki sortlarının introduksiyası, onların uyğunlaşdırılması, yeni sortların və
hibridlərin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Heyvandarlıq istiqamətində isə, xüsusilə genetik xüsusiyyətlərin tədqiqi
ilə bağlı araşdırmalar nisbətən zəif inkişaf etmişdir. Bizim məqsədimiz
laboratoriya təminatını gücləndirməklə Azərbaycanda həm yerli, həm də xaricdən
gətirilən müxtəlif heyvan növlərinin genetik xüsusiyyətlərinin öyrənilməsinə şərait
yaratmaqdır. Hibridlər və mələzlər üzərində aparılan işlər nəticəsində yeni cinslərin
yaradılması istiqamətində tədqiqatları inkişaf etdirmək qarşımızda duran əsas hədəflərdəndir.
Mən bu institutda çalışdığım müddətdə bir neçə rayonda – Şəki, Balakən, Zaqatala
və s. elmi ezamiyyətdə olmuşam. Həmin bölgələrdə yerli və saxlanılan cinslərdən
qan nümunələri toplayaraq institutda analiz etmişik. Əlbəttə, mövcud
imkanlarımız çərçivəsində yalnız müəyyən səviyyəyə qədər təhlillər aparmaq
mümkün oldu. Gələcəkdə laboratoriya təminatımız təkmilləşdikcə, bu tədqiqatların
dərinləşəcəyinə və daha mühüm elmi nəticələrin əldə olunacağına inanıram.
Təbii ki, institut daha yüksək səviyyədə tədqiqatlar aparmaq potensialına
malikdir. Məsələn, heyvanların genetik xüsusiyyətlərini öyrənməklə, xaricdən gətirilən
cinslərin Azərbaycan şəraitində xəstəliklərə davamlılığını təmin edən genlərin
müəyyənləşdirilməsi vacibdir. Bu genlər üzə çıxarılmalı, uyğun olmayan xüsusiyyətlər
aradan qaldırılmalıdır ki, həmin cinslər yerli şəraitə daha tez uyğunlaşsın və
məhsuldarlıq artsın. Eyni zamanda, alınan hibridlərdə məhsuldarlığı qoruyan
genlərin təyini əsasında yeni cinslərin Azərbaycanda yetişdirilməsi mümkün ola
bilər. Çünki xaricdən gətirilən cinslər, adətən, 2–4-cü nəsildən sonra öz ilkin
məhsuldarlıq xüsusiyyətlərini itirirlər. Buna görə də, yerli şəraitdə yeni
cinslərin yaradılması, onların genetik xüsusiyyətlərinin dərindən öyrənilməsi,
məhsuldarlığı möhkəmləndirən genlərin müəyyənləşdirilməsi tədqiqatların əsas
obyektini təşkil etməlidir. Gələcəkdə məhz bu istiqamətdə geniş elmi
araşdırmalar aparmağı planlaşdırırıq.
Onu da qeyd etmək lazımdır ki, hazırda işğaldan azad olunmuş ərazilərdə
fermaların tam şəkildə bərpası və müasir səviyyədə heyvandarlıq müəssisələrinin
qurulması prosesi hələ tam formalaşmayıb. Bu kimi tədqiqatların aparılması üçün
müasir avadanlıqlarla təchiz olunmuş, mexanikləşdirilmiş fermer təsərrüfatlarının
mövcudluğu çox vacibdir. Bu şəraitdə həm xaricdən gətirilən, həm də yerli cinslər
arasında hibridləşmə aparmaq, yeni mələzləri əldə etmək mümkün olacaq. İşğaldan
azad olunmuş ərazilərimiz inkişaf etdikcə həmin bölgələrdə fermer təsərrüfatlarında
şəraitə uyğunlaşmış cinslər – quşçuluq, qoyunçuluq və iribuynuzlu mal-qara saxlanılacaq
və onların əsasında tədqiqatlar genişləndiriləcək.
-Genetika və dendrologiya sahəsində apardığınız tədqiqatların
əsas istiqamətləri hansılardır?
– Genetika sahəsində əsas fəaliyyət istiqamətimiz kənd təsərrüfatı
heyvanlarının genetik ehtiyatlarının öyrənilməsidir. Bununla yanaşı, mən
Dendrologiya İnstitutunda da çalışıram və burada əsas fəaliyyətimiz işğaldan
azad olunmuş ərazilərdə aparılan ekspedisiyalarla bağlıdır.
Bir neçə dəfə qrup halında Zəngilanın Ağalı kəndində, Bəsitçay hövzəsində,
həmçinin Oxçuçay hövzəsi ətrafında ekspedisiyalarda olmuşuq. Burada əsasən kol
və ağac bitkiləri öyrənilmiş, onların yayıldığı ərazilər, növləri, həmin şəraitdə
inkişaf xüsusiyyətləri və morfoloji quruluşları ilə bağlı tədqiqatlar
aparılmışdır. Xüsusilə də işğal altında olan torpaqlarımızın azad olunması bu
istiqamətdə elmi araşdırmaların əhatə dairəsini daha da genişləndirmişdir.
– Bu il həm də
AMEA-nın 80 illik yubileyi qeyd olunur. Bir alim və Akademiyanın müxbir üzvü
kimi bu tarixi hadisəni necə qiymətləndirirsiniz və AMEA-nın gələcək inkişaf istiqamətlərini
necə görürsünüz?
– Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
2025-ci il 18 mart tarixində "Azərbaycan Milli Elmlər Akademiyasının 80
illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncam bir tərəfdən
ölkənin ən böyük elmi mərkəzi olan AMEA-ya dövlətin xüsusi diqqəti və
qayğısını, digər tərəfdən isə ölkə rəhbərinin Azərbaycan elminə, alimlərinə və
ümumilikdə Akademiyaya verdiyi yüksək dəyəri sübut edir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
Elmlər Akademiyasına və ziyalılara xüsusi diqqət göstərmişdir. Ulu Öndərimiz
elm sahəsində əldə olunan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti
kimi qiymətləndirmiş, bu sahəyə diqqətini heç vaxt əsirgəməyərək elmimizin qüdrətli
hamisi kimi çıxış etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, ilk dəfə 1975-ci ildə,
Ulu Öndərin təşəbbüsü və qayğısı ilə Akademiyanın 30 illik yubileyi keçirilmişdir.
AMEA-nın 80 il ərzində keçdiyi şərəfli tarixi yola nəzər salsaq, görərik
ki, bu qurum Azərbaycanda həm elmi intellektual potensialın, həm də sənaye sahəsinin
inkişaf etdirilməsinə mühüm töhfələr vermişdir. Əminliklə deyə bilərik ki, Azərbaycanda
neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə əldə olunan nailiyyətlərin böyük
bir qismi alimlərimizin ardıcıl elmi fəaliyyətinin nəticəsi olaraq praktikada
uğurla tətbiq olunmuşdur.
Əlbəttə ki, bu gün AMEA akademik İsa Həbibbəylinin
rəhbərliyi altında yeni mərhələdə fəaliyyətini uğurla davam etdirir. Burada
müasir çağırışlar nəzərə alınaraq, sistemli yanaşmalar əsasında elmi tədqqiatlar
aparılır, mühüm nəticələr əldə olunur. Elmi nailiyyətlərin praktikada tətbiqi imkanlarının
genişləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
Bununla yanaşı, dünyanın nüfuzlu elmi mərkəzləri,
qurumları ilə əlaqələrin yaradılması və möhkəmləndirilməsi, xarici alimlərlə
birgə tədqiqatların apaerılması, qabaqcıl biliklərin ölkə ictimiayyətinə
çatdırılması və gənc alimlərin elmi fəaliyyətə cəlb olunması AMEA-nın strateji
hədəfləri sırasındadır.
İnanıram ki, elm və təhsil sahəsinə ayrılacaq maliyyə vəsaitinin düzgün
yönləndirilməsi nəticəsində müasir laboratoriyalarla təmin olunacağıq. Dünya
elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə aparılacaq tədqiqatlar
və əldə olunacaq nailiyyətlər yalnız Azərbaycan elminə deyil, həm də dünya
elminə mühüm töhfələr verəcək.
– Cənab
Prezidentin Vaşinqton səfəri ölkəmiz üçün mühüm tarixi hadisə kimi yadda qaldı.
Bir alim kimi bu səfərin nəticələri barədə fikrilərinizi bölüşməyinizi istərdik.
– Əvvəlcə qeyd etmək lazımdır ki, Azərbaycan əhalisinin əksəriyyəti
Qarabağ məsələsinin artıq həll edilməyəcəyini düşünürdü. Tarixə nəzər salsaq
görərik ki, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən
sonra ermənilərlə qonşuluq münasibətlərində zaman-zaman torpaqlarımızın geri
alınması mümkün olmamışdır. Qarabağ probleminin bugünkü səviyyədə həlli isə çox
böyük tarixi uğur və reallıq kimi qiymətləndirilməlidir.
Bundan başqa, Qafqaz regionunda yerləşən ölkə kimi, qonşularımızla
münasibətləri diqqətlə izləmək son dərəcə vacibdir. Qafqazda gedən proseslər,
baş verən hadisələr yalnız region ölkələrin iştirakı ilə həll edilməlidir.
Çünki xarici dövlətlərin müdaxiləsi regionda sülh və asayişin pozulmasına gətirib
çıxara bilər.
Cənab Prezidentin Vaşinqton səfərinə gəldikdə isə, Azərbaycan Prezidenti
ilə Ermənistan Baş nazirinin ABŞ Prezidenti ilə birgə keçirdiyi görüşdə əldə
olunmuş ən mühüm razılaşmalardan biri ölkəmizin əsas ərazisi ilə Naxçıvan
Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək Zəngəzur dəhlizi, yəni
"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə
razılığın əldə olunmasıdır.
Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə etdiyi digər
mühüm tarixi nailiyyət isə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması
ilə bağlı qərarın qəbul edilməsi idi. Bu istiqamətdə tərəflər rəsmi qaydada
ATƏT-ə müvafiq müraciət ünvanlamışlar.
Qeyd olunmalıdır ki, Cənubi Qafqazda yaranmış mürəkkəb geosiyasi şərait
fonunda ABŞ-da belə bir görüşün reallaşdırılması adi diplomatik müzakirə kimi
deyil, beynəlxalq siyasət və diplomatiya tarixində xüsusi əhəmiyyət kəsb edən
bir hadisə kimi yadda qalmışdır.
Bu qələbəyə gətirib çıxaran tarixi proseslərə nəzər saldıqda, ilk növbədə
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə
olunmuş Zəfər xüsusi qeyd edilməlidir. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata
keçirilmiş antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi və ərazi
bütövlüyü tam bərpa edilmişdir, sülh sazişinin paraflanması isə bu qəti qələbənin
rəsmi təsdiqi olmuşdur.
Azərbaycan xalqının Ali Baş Komandan ətrafında bir yumruq kimi sıx birləşməsi,
dövlət–xalq–ordu birliyinin möhkəmliyi haqq savaşımızda qələbənin təmin edilməsində
həlledici rol oynamışdır. Bu qələbənin ideoloji dayaqlarını məhz xalq-iqtidar həmrəyliyi
və xalq-ordu birliyi təşkil etmişdir.
Bununla yanaşı, Prezident İlham Əliyevin dünya erməni lobbisinə qarşı
apardığı mübarizə və bu istiqamətdə qazandığı qələbə də Azərbaycan dövlətçiliyi
tarixində mühüm hadisədir. Bu səfər həm regional, həm də qlobal miqyasda böyük əhəmiyyət
daşıyan mötəbər tarixi hadisə kimi xarakterizə olunur.
Əlbəttə ki, Vaşinqtonda sülh sazişinin paraflanması Prezident İlham Əliyevin
uzun illər ərzində həyata keçirdiyi uzaqgörən xarici siyasətin məntiqi və şərəfli
yekunu kimi qiymətləndirilməlidir.
Vaşinqtonda əldə olunan tarixi nailiyyətlər, eyni zamanda, Ulu Öndər Heydər
Əliyevin ideyalarının və arzularının gerçəkləşməsinin parlaq təzahürüdür.
Xatırladım ki, Ulu Öndər Heydər Əliyev 2003-cü il 1 oktyabr tarixində,
Prezident seçkiləri ərəfəsində xalqa müraciətində belə söyləmişdir: "Mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev
başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün həmin sözlərin reallığa çevrilməsi Prezident İlham Əliyevin siyasi iradəsinin,
qətiyyətinin və atasının vəsiyyətinə sədaqətinin təsdiqidir. Onun "Xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikri də bu məqamı əks etdirir.
ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə münasibətini də
xüsusi qeyd etmək istərdim. Vaşinqton görüşlərində İlham Əliyev beynəlxalq
siyasətdə nüfuzlu dövlət başçısı kimi qəbul edilmiş, Tramp tərəfindən də böyük
siyasi lider kimi qarşılanmışdır.
Bütün bunlar Azərbaycan xalqı üçün qürurverici hadisələrdir. Eyni zamanda,
xalqın Prezidentin siyasətinə dəstək göstərməsi milli həmrəyliyin təzahürü
olmaqla yanaşı, həm də hər bir vətəndaşın mənəvi borcudur.
Müsahibəni apardı:
Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya
şöbəsinin Elektron informasiya sektorunun müdiri