Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin üzvü olan dövlətlərin liderlərinin öz prioritetlərini təqdim etdikləri və əsas qlobal problemləri müzakirə etdikləri ən böyük beynəlxalq diplomatik tədbirlərdən biri olan BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərində işgüzar səfərdədir.
BMT Baş Assambleyasının budəfəki sessiyası "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” şüarı altında keçirilir. Səfər çərçivəsində Prezident İlham Əliyev aparıcı qlobal investisiya nəhənglərinin rəhbərləri - Brookfield Asset Management şirkətinin baş icraçı direktoru Brüs Flətt, Noyberger Berman sədri və baş icraçı direktoru Corc Volker, Blackstone şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb.

Bu görüşlərin keçirilməsi faktının özü Azərbaycanın qlobal maliyyə xəritəsində strateji əhəmiyyətinin göstəricisi kimi qəbul olunmalıdır və təşəbbüsün ev sahibi tərəfindən çıxdığını nəzərə alaraq, beynəlxalq investisiya ictimaiyyətinin ölkəmizə artan marağını nümayiş etdirir.
Bu fikirləri "İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirdi.
Onun sözlərinə görə, hər üç görüş aydın şəkildə göstərir ki, Azərbaycan qlobal maliyyə institutları tərəfindən sabit və perspektivli tərəfdaş kimi qəbul edilir.
Deputat qeyd etdi ki, bu beynəlxalq nəhənglər ölkəyə təkcə bazar kimi deyil, həm də Avropa və Asiyanı birləşdirən, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturuna malik olan və davamlı inkişaf nümayiş etdirən strateji məkan kimi qəbul edirlər. Azərbaycan üçün bu, iqtisadiyyatını şaxələndirmək, qeyri-neft sektorunu genişləndirmək, yeni texnologiyalar və idarəetmə təcrübələrini cəlb etmək üçün bir fürsətdir.

K.Bayramov həmçinin vurğuladı ki, Prezident İlham Əliyevin Blackstone, Nouberger Berman və Brookfield Asset Management şirkətlərinin rəhbər şəxsləri ilə danışıqları Azərbaycanın qlobal maliyyə sisteminə inteqrasiyasının yeni səviyyəsinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Ölkəmiz dayanıqlı təhlükəsizliyi və uzunmüddətli tərəfdaşlıqda iştirak etmək istəyini nümayiş etdirir ki, bu da dünyanın ən böyük investisiya fondlarının marağını təsadüfi yox, təbii edir. Kapital uğrunda qlobal rəqabət şəraitində Azərbaycanı beynəlxalq investisiyalar üçün cəlbedici mərkəzə çevirən məhz sabitlik və aydın inkişaf perspektivləri təklif etmək bacarığıdır.