EN

Orta Dəhliz və onun yaratdığı yeni imkanlar

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev: "Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir"

"Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik". Bu fikirlər Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində yer alıb. "İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcək", - deyə müraciətdə vurğulanır.

Prezident İlham Əliyevin 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciəti mühüm və məqsədyönlü mesajlarla zəngindir. Orta Dəhlizin çox geniş coğrafiyanı birləşdirən strateji layihə olduğunu bildirən Azərbaycan Prezidenti bu dəhlizin Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yolu olduğunu bildirib: "Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir". Orta dəhliz layihəsinin ideyadan, cəlbedici konsepsiyadan real layihəyə çevrilməsində Prezident İlham Əliyevin rolu əvəzsizdir.

"2030-CU İLƏDƏK ORTA DƏHLİZİN YÜK DAŞIMA QABİLİYYƏTİ 2021-Cİ İL İLƏ MÜQAYİSƏDƏ 3 DƏFƏ ARTACAQ"

Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şaxələndirilməsində mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsi sahəsində atılmış addımlar ölkəmiz üçün yeni mərhələdə yeni imkanlar yaradıb. Ölkəmizin təşəbbüskarı və əsas iştirakçısı olduğu transmilli enerji, nəqliyyat və iqtisadi layihələrin müasir kontekstdə və yeni reallıqlar fonunda Prezident İlham Əliyevin strateji uzaqgörənliyinə əsaslanan siyasəti dayanır. "Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Müraciətdə o da qeyd olunur ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir".

Orta dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, bütövlükdə Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir,

"AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA İMZALANMIŞ BİRGƏ BƏYANNAMƏ AZƏRBAYCAN RESPUBLİKASININ ƏSAS HİSSƏSİ İLƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ARASINDA MANEƏSİZ BAĞLANTINI TƏMİN EDƏCƏK"

Son iki ayda Xəzər regionunda müşahidə olunan inkişaf liqqətiçəkəndir. Bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir. ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş təkcə siyasi sabitlik üçün sıçrayış deyil, həm də iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir. Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun və ya Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz əvvəlkindən daha çox inteqrasiya edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) əsasını qoydu. Dövlətimizin başçısı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə də bağlı məqama toxunaraq bu marşrutun Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcəyinə inandığını bildirib.. Bu layihə yalnız nəqliyyat əlaqəsi deyil, həm də enerji resurslarının, elektrik enerjisinin ixracı, bərpaolunan enerji və fiber-optik xətlərin ötürülməsi üçün imkanlar açacaq. "İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib", - fikirləri Prezidentin müraciətində yer alıb.

Marşrutun reallaşması yalnız iqtisadi dividendlər gətirməyəcək, həm də regionda siyasi inteqrasiyanı və regional nəqliyyat mərkəzi imkanlarını gücləndirəcək və möhkəmləndirəcəkdir. Prezident İlham Əliyevin müraciətində əksini tapan istiqamətlər ümumilikdə Azərbaycanın Orta Dəhliz layihəsi ilə bağlı yalnız regional tranzit və logistika şəbəkəsi kimi deyil, regionun siyasi-iqtisadi inteqrasiyası ilə bağlı hədəfləri olduğunu bir daha nümayiş etdirir. Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir.

2020-ci ildən başlayaraq Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsinin icrasına start verilib və 2026-cı ilin ortalarında yekunlaşması nəzərdə tutulur.

"BİZ ORTA DƏHLİZİ REGİONAL İQTİSADİ ARTIM VƏ İNTEQRASİYANIN GÜCLÜ KATALİZATORU QİSMİNDƏ GÖRÜRÜK"

Bu gün beynəlxalq aləmdə Azərbaycanın Transxəzər Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) heç vaxt olmadığı qədər ehtiyac yaranıb. Çindən gələn və Azərbaycandan keçən yüklər ildən-ilə artır. Eyni zamanda, Orta Dəhliz layihəsinin böyük gələcəyinə güclü inam var, eləcə də Azərbaycanda bu marşrutun inkişafı məqsədilə lazımi infrastruktur işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyev Orta Dəhlizin inkişafına və modernləşdirilməsinə diqqət və həssaslıqla yanaşır, dəhliz çərçivəsində yerləşən infrastrukturların fəaliyyətinin səmərəliyinin artırılmasına xüsusi önəm verir.

Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Xatırladaq ki, bu dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə, həmçinin Avropa ölkələrinə qədər uzanır. Xatırladaq ki, 2024-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.

Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" bu əməkdaşlıq üçün yeni imkanlar açır. "Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik. İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir" – deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
3
sesqazeti.az

10Sources