EN

Millinin baş məşqçisindən iddialı açıqlama: "Məqsədimiz çempion olmaqdır"

Xəbər verdiyimiz kimi, Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında futbol yarışının püşkü atılıb.

Püşkatmanın nəticəsinə görə, Azərbaycan U-16 millisi A qrupunda Tacikistan və Qırğızıstan ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Millimizin baş məşqçisi Aqil Nəbiyev Sportinfo.az-a açıqlamasında püşkü dəyərləndirib:

"Bəli, dünən Tacikistan və Qırğızıstan ilə bir qrupda olacağımız bilindi. Hər iki qrupda 3 komanda olacaq.

Rəqiblər haqqında bir müddət əvvəldən məlumat almağa çalışırıq. Açığı, oyunlarını əldə edə bilməmişik. Çünki keçirdiklərin oyunların heç birinin videosu yoxdur".

Çalışdırıcı davamında zədəli futbolçularla bağlı problem yaşadıqlarını qeyd edib.

Amma buna baxmayaraq hədəflərinin çempionluq olmasını açıq dilə gətirib:

"Məqsədimiz çempion olmaqdır. Buna potensialımız var. Hər iki qrupda da keyfiyyətli rəqiblər var. Zədəli oyunçularımızın olması narahatlıq yaradır. Bu səbəbdən bir neçə futbolçunu heyətə dəvət edə bilmədik.

Buna baxmayaraq böyük ümidlərlə işimizi davam etdiririk. İstəyimiz doğma meydanda yaxşı nəticə ilə xalqımızı sevindirməkdir".

Xatırladaq ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq.

Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər.

Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

XANOĞLAN

Chosen
17
sportinfo.az

1Sources