EN

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

Tədqiqatçılar çox yayılan qan xərçəngini məhv edə biləcək üsul kəşf ediblər

Duke Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, STK17B fermentinin bloklanması çoxlu miyeloma hüceyrələrini dəmirin toksik təsirinə həssas edir və onların məhvinə səbəb olur.

Far.Az-in məlumatına görə, bu araşdırmanın nəticələri məşhur "Blood" elmi jurnalında dərc olunub.

Çoxlu miyeloma - qan xərçənginin ən geniş yayılmış formalarından biridir. Bu xəstəlikdə sümük iliyi patologik plazma hüceyrələri ilə dolur, sağlam hüceyrələr əvəz olunur və immunitet zəifləyir.

Tədqiqatçılar aşkar ediblər ki, şiş hüceyrələri "dəmirə bağlı ölüm" (ferroptoz) prosesini bloklayaraq sağ qalmaq və müalicəyə qarşı müqavimət göstərmək qabiliyyətini əldə ediblər.

Araşdırma göstərib ki, STK17B fermenti miyeloma hüceyrələrini dəmirin zərərli təsirindən qoruyur. Tədqiqatçılar eksperimental dərman vasitəsi ilə bu fermentin fəaliyyətini zəiflədəndə ferroptoz prosesi işə düşüb və mövcud müalicə üsullarının effektivliyi artıb. Siçanlar üzərində aparılan təcrübələrdə bu metod şişlərin böyüməsini xeyli ləngitmişdir.

Tədqiqatın müəllifləri bildirirlər ki, bu yanaşma yalnız çoxlu miyeloma üçün deyil, ferroptoz prosesinə qarşı müqavimət göstərən digər şiş növləri üçün də yeni dərmanların hazırlanmasına perspektiv açır.

Əvvəllər aparılan tədqiqatlar göstərmişdi ki, B3 vitamininin törəməsi olan nikotinamid qeyri-melanom dəri xərçəngi riskini azaldır. Bu da göstərir ki, vitaminlərin və fermentlərin tədqiqi xərçəngə qarşı yeni müalicə üsullarının yaradılmasında əhəmiyyətli rol oynaya bilər.

Mütəxəssislər vurğulayır ki, yeni kəşf xərçəng müalicəsində inqilabi yanaşma imkanı yaradır və gələcəkdə çoxlu miyeloma və digər şişlər üçün daha effektiv dərmanların hazırlanmasına zəmin təmin edir.

Chosen
18
1
far.az

2Sources