Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilən pullarının 20 milyon dolları təhsil imkanlarının yaxşılaşdırılmasına ayrılacaq.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində 45 kənd məktəbinin təmiri, onların su, müasir kanalizasiya, istilik sistemləri və ekoloji cəhətdən təmiz enerji ilə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, aprel ayında Gülnarə Kərimovanın İsveçrə banklarında saxladığı 67 milyon dollar pul Özbəkistana qaytarılıb. Prosesə nəzarət etmək üçün BMT-nin nəzdində fond yaradılıb.