EN

TRIPP bölgə üçün sərmayə, inkişaf və sabitliyin qarantı -Zəngəzur dəhlizi

Bu kommunikasiya xəttinin fəaliyyətə başlaması dünya ticarətində önəmli rol oynayan Orta Dəhlizin yükdaşıma dövriyyəsini artıracaq, Azərbaycanı dünya üçün tranzit ölkə kimi daha da tanıdacaq, ölkəmizə əlavə siyasi və iqtisadi dividendlər qazandıracaq

Dünyaya sülh, əməkdaşlıq və tərəqqi gündəliyini təşviq edən Azərbaycan bu prosesdə seyrçi yox, dünya düzənini yenidən quran əsas aktorlardan biri kimi iştirak edir. Bu möhtəşəm uğuru səciyyələndirən isə iki əsas şərtdir: güclü lider və xalqın birliyi. Biz hər gün tarixin yeni yazılan parlaq səhifələrinə şahidlik etməkdəyik. Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyev Azərbaycanın yeni tarixini yaratmaqla kifayətlənmir, yeni dünya düzənini formalaşdıran əsas fiqurlardan biri olmaqla regionun da yeni tarixini yaratmaq missiyasını öz üzərinə götürüb. Dövlətin qüdrəti birmənalı olaraq iqtisadiyyatı, ordusu, diplomatiyası ilə qiymətləndirilir. Azərbaycan hərbi gücünə görə regionun ən qüdrətli dövlətidir. Dünyanın əksər dövlətləri 2020-ci ildə qazandığımız Qələbədən sonra ordumuzun tətbiq etdiyi taktikanı öyrənirlər. Diplomatiya sahəsində əldə olunan nailiyyətlərimiz isə birmənalı olaraq şəxsiyyət və lider amilinə bağlı olan məsələdir. Bu faktı dəfələrlə Avropa liderlərinin dilindən də eşitmişik, dünyanın bir nömrəli dövlətinin Prezidenti Donald Trampın, beynəlxalq aləmin gözü qarşısında dövlətimizin başçısına xitabən "Siz böyük lidersiniz" deməsinə şahidlik etmişik.

Avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilmiş görüş zamanı Birgə Bəyannaməni imzaladılar. Mətbuata bəyanatla çıxış edən ABŞ Prezidenti Donald Tramp vurğulamışdır: "Bu bəyanat çərçivəsində onlar çox önəmli bir şeyi - mənim üçün böyük bir şərəf olan, amma özüm istəmədiyim bir təşəbbüsü - "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nu təsdiqləyiblər. Bu, xüsusi bir tranzit sahəsidir ki, Azərbaycanın Naxçıvan bölgəsinə tam çıxış əldə etməsinə imkan verəcək, eyni zamanda Ermənistanın suverenliyinə tam hörmət saxlanılacaq". Prezident İlham Əliyev isə Ağ Evdə mətbuata bəyanatı zamanı mühüm mesajlar vermişdir: "Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır".

"Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması artıq reallaşmaq üzrə olan strateji hədəfə çevrilib. Bu təşəbbüs Asiya və Avropa ölkələri üçün indiyədək görünməmiş perspektivlər vəd edir. TRIPP layihəsi vasitəsilə regiona və dünyaya yeni, etibarlı və təhlükəsiz bağlantılar qazandıracaq ki, bu da xüsusilə iqtisadi əməkdaşlıq baxımından böyük imkanlar açır. Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumuna müraciətində deyilir: "İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib".

Dəhlizin istifadəyə verilməsi ilə Azərbaycan, Türkiyə, Çin, Mərkəzi Asiya və digər regional ölkələr yük və sərnişin daşımalarında daha qısa, təhlükəsiz və sərfəli marşruta sahib olacaqlar. Birmənalı olaraq ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artacaq, logistika xərcləri azaldacaq və ixrac-idxal proseslərini sürətləndirəcək. Dəhliz boyunca sənaye zonalarının, logistika mərkəzlərinin və xidmət sektorunun inkişafı üçün yeni investisiya imkanları formalaşacaq. Bütün bunlar Azərbaycanın iqtisadi üstünlüklərini daha da möhkəmləndirəcək əsas amillərdəndir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib ki, Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir. Bu artımı idarə etmək üçün biz əlavə investisiyalar yatırırıq və Bakı Limanının Qazaxıstan limanı ilə sinxronlaşdırılmasını təmin edirik. Bakı Limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır. Orta Dəhlizin əhəmiyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu istiqamətdə öz "ev tapşırığını" demək olar ki, tamamlayıb: “2020-ci ildən başlayaraq, Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsinin icrasına start verilib. Bu layihə 2026-cı ilin ortalarında yekunlaşacaq. Hazırda Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur seqmenti üzərində də işlər aparılır və burada ABŞ-dan olan tərəfdaşlarımız iştirak edir. Üçüncü seqment isə Naxçıvanı əhatə edir. Bu sahədə də əlavə sərmayələr yatırılır və biz Avropa ölkələri də daxil olmaqla digər beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edirik. Bundan əlavə, Türkiyədə də bu dəhlizə paralel yeni layihələrə start verilib. Bu təşəbbüslər nəticəsində regionda dəmir yolu və avtomobil yolları ilə inteqrasiya olunmuş nəqliyyat dairəsi formalaşacaq və əlavə iqtisadi faydalar gətirəcək”.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Şərqi Avropada baş verən hərbi kataklizmlərin Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaratdığını nəzərə alsaq, Orta Dəhlizin ticari əhəmiyyəti son illərdə daha da yüksəlib. Bu, həm də marşrut üçün yeni fürsətlər yaradıb. Ayrı-ayrı ölkələr və daşıma şirkətləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər. Marşrutun effektivliyində isə bir sıra amillər çıxış edir. Belə ki, Azərbaycanın Mərkəzi Asiya - Avropa xətti üzrə iqtisadi inteqrasiyada oynadığı rolun daha da şaxələndirilməsi, eyni zamanda çoxtərəfli mahiyyət daşıması bu məsələdə əsas rollardan birini oynayır. Eyni zamanda, Azərbaycanın timsalında Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid geosiyasi anlam qazanması layihənin əsas uğurlarından biridir.

Sevinc Azadi, “İki sahil”

Chosen
37
ikisahil.az

1Sources