EN

Dünya Bankı: Azərbaycan, Gürcüstan və Türkiyə enerji axınını uyğunlaşdırmağı müzakirə etməlidir

Azərbaycan, Gürcüstan və Türkiyə elektrik enerjisinin transsərhəd axınının sadələşdirilməsi, qaydaların uyğunlaşdırılması üçün tədbirlərin işlənib hazırlanması məqsədilə müzakirələr aparmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Dünya Bankının enerji üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionuna və Türkiyəyə nəzər saldıqda, müzakirələrə enerji risklərinin harmonizasiyasından başlamaq tamamilə məntiqlidir.

"Biz Gürcüstanda cari prosesləri izləyirik, Azərbaycanın 2028-ci ilə qədər elektroenergetika sektorunun tam demonopolizasiyası strategiyasını görürük. Fikrimcə, hazırda bu ölkələrin elektrik enerjisi axınını asanlaşdıracaq qaydaların harmonizasiyası üçün görülməli olan tədbirlərlə bağlı transsərhəd müzakirələr aparmasına ehtiyac var. Söhbət əsasən ixracda istifadə olunan ikitərəfli sazişlərdən gedir", - o bildirib.

Baş mütəxəssisin sözlərinə görə, Avropa İttifaqında vahid bazardakı axın səviyyəsinə çatmaq üçün bütün proseslərin ciddi şəkildə uyğunlaşdırılması tələb olunacaq.

"Düşünürəm ki, Avropa siyasəti çərçivəsində nümunəmizin olması çox vacibdir. Azərbaycanın artıq Naxçıvanın Türkiyə ilə birləşdirilməsində təcrübəsi var, burada Avropa bazarı ilə əlaqəli olan Türkiyə sisteminə qoşulmaq üçün ENTSO-E tələblərini yerinə yetirmək lazım idi. Bundan başqa, hesab edirəm ki, transsərhəd səviyyədə birgə planlaşdırma və birgə investisiyaları müzakirə etmək vacibdir. Bu məsələdə Azərbaycan yenə də Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri ilə birlikdə "yaşıl enerji" dəhlizlərinin inkişafı üçün birgə müəssisə yaradaraq ön sıralardadır", - F.Kitt əlavə edib.

Chosen
34
ikisahil.az

1Sources