EN

Filippin prezidenti cəllad imiş

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Filippinin sabiq prezidenti Rodriqo Duterteyə qarşı insanlığa qarşı cinayətlər ittihamı irəli sürüb. Məhkəmənin açıqlamasına görə, ittihamlar ölkədə uzun illər davam etmiş narkotiklərə qarşı kampaniya zamanı baş verən ölümlərlə bağlıdır. İttihamnamədə 2013–2018-ci illərdə ən azı 76 ölüm hadisəsi qeyd olunub. Bu ölümlərin bir hissəsi Duterte Davao şəhərinin meri vəzifəsində çalışarkən, digər qismi isə onun prezidentliyi dövründə qeydə alınıb.

Sənədlərdə göstərilir ki, 2013–2016-cı illərdə 19, 2016–2017-ci illərdə 14, 2016–2018-ci illərdə isə 43 nəfərin öldürülməsi faktı üzrə məsuliyyət məsələsi qaldırılıb. BCM bu ölümlərin birbaşa göstəriş və təhrik nəticəsində baş verdiyini bildirir. Bununla belə, hüquq-müdafiə təşkilatları gerçək qurban sayının daha çox olduğunu qeyd edirlər. Rəsmi məlumatlara görə, 2016–2022-ci illər ərzində 6 min 229 nəfər, BMT-nin 2020-ci il hesabatına əsasən isə 8 min 663 nəfər həyatını itirib. Bəzi qeyri-hökumət təşkilatları bu rəqəmin 30 min nəfərə qədər ola biləcəyini vurğulayırlar.

Rodriqo Duterte 2016-cı ildə çıxışı zamanı kəskin ifadələr işlətmiş və bu, beynəlxalq müstəvidə geniş müzakirələr doğurmuşdu. BCM 2018-ci ildə onun barəsində ilkin istintaqa başlamış, Duterte isə cavab olaraq ölkəsinin məhkəmədən çıxacağını bəyan etmişdi. Rəsmi olaraq Filippin 2019-cu ildə BCM-dən ayrılıb. Hazırkı hakimiyyət beynəlxalq qurumla üzvlük çərçivəsində deyil, İnterpol vasitəsilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyini bildirib.

2025-ci ilin martında Duterte Manila hava limanında saxlanılaraq Haaqaya aparılıb və hazırda Sxeveningen həbsxanasında saxlanılır. Sentyabr ayında məhkəmə qarşısına çıxması planlaşdırılsa da səhhətində yaranan problemlər səbəbindən iclas təxirə salınıb. Onun vəkilinin açıqlamasına görə, Duterte hazırda sağlamlıqla bağlı çətinliklər yaşayır.

BCM-yə qarşı beynəlxalq müstəvidə də müxtəlif mövqelər ifadə olunur. Sentyabr ayında Burkina-Faso, Mali və Niger məhkəmədən çıxacaqlarını elan ediblər. ABŞ isə qurumun fəaliyyəti ilə bağlı uzun müddətdir narazılıq bildirir və hazırda yeni məhdudiyyətlərin tətbiqi məsələsini nəzərdən keçirir. Baş verənlər həm Filippindəki siyasi proseslər, həm də BCM-in gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələrə səbəb olub.

Səbuhi MƏMMƏDOV
XQ

Chosen
27
xalqqazeti.az

1Sources