EN

Xeyirxahlıq adı ilə qanunsuz uşaq ticarəti: Follikul donorluğunda araşdırma

Son aylarda sosial şəbəkələrdə müxtəlif özəl klinikaların follikul donorluğu (yumurta hüceyrəsi) ilə bağlı elanları geniş yayılıb. “Donorluq” adı altında təqdim olunan bəzi təkliflər həm cəmiyyət, həm də mütəxəssislər tərəfindən narahatlıqla qarşılanır. Azərbaycanda bu sahəni tənzimləyən xüsusi qanun olmadığı üçün proses nəzarətsiz qalır və bu, həm tibbi, həm də hüquqi risklər doğurur.

E-saglam.az xəbər verir ki, araşdırma zamanı sosial şəbəkələrdə “Sən də bir ailəyə ümid ol”, “Donor ol, sevinc bəxş et” kimi çağırışlarla rastlaşdıq. Bəzən “200-700 manatlıq follikul donoru axtarılır” kimi açıq elanlar da yer alır. Bu cür təkliflərdə donor olmaq üçün müəyyən şərtlər göstərilir: yaş 18-30, sağlam övlad sahibi olmaq, çəkisi 80 kiloqramdan az olmaq, doğumdan və ya abortdan müəyyən müddət keçməsi və süd verilməməsi kimi kriteriyalar. Əgər şərtlər ödənirsə, on günlük müalicə başlanır və 12-ci gün follikullar toplanır. Prosesin ağrısız və qansız olduğu iddia edilir, toplanan follikulların sayı ilə ödəniş artır.

Süni mayalanma ilə məşğul olan klinikalarda həkim köməkçiləri açıq şəkildə donor yumurta təklif edə biləcəklərini bildirir. Onların sözlərinə görə, donorlar anonim olaraq bankdan seçilir, bəzi hallarda isə uşağın göz rəngi və digər xüsusiyyətləri seçilə bilər. Qiymət 5-6 min manat arasında dəyişir.

Mövzu ilə bağlı danışan ginekoloq Təranə Həsənova vurğuladı ki, donor yumurta götürmək qadın üçün hormon müalicəsi və digər tibbi risklər yarada bilər. “Hər dəfə hormon iynəsi vurulur, hormonal sistem pozulur, iltihab riski mövcuddur. Süni mayalanmanın uğursuzluğu psixoloji və fiziki problemlərə yol açır,” – deyə o bildirib. Həsənova həmçinin qanunvericilik çərçivəsinin olmadığını, bunun uzunmüddətli genetik problemlərə gətirib çıxara biləcəyini qeyd etdi.

Hüquqşünas Vüsal Cəfərov xatırlatdı ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna əsasən, donor orqanların alqı-satqısı qadağandır və follikul donorluğu yalnız könüllülük, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanmalıdır. Hazırda Azərbaycanda bu sahəni tənzimləyən xüsusi qanunvericilik yoxdur, Səhiyyə Nazirliyi isə hüquqi məsləhət almanın vacibliyini vurğulayır.

Dünyada follikul donorluğuna yanaşmalar müxtəlifdir. İspaniya və Yunanıstanda anonim və kommersiya əsaslıdır, ABŞ-da donor seçimi ödənişli mümkündür, Fransa, Almaniya və İtaliyada sərt hüquqi çərçivə mövcuddur, Şimali Avropa ölkələrində etik nəzarət yüksəkdir. Asiya ölkələrində isə, xüsusilə Hindistan, Çin və Yaponiyada ciddi məhdudiyyətlər mövcuddur.

Azərbaycan isə bu qlobal tendensiyalardan kənarda deyil. Lakin ekspertlər qeyd edir ki, follikul donorluğunun qanunvericiliklə tənzimlənməsi, prosesin şəffaf və etik aparılması, həmçinin sosial şəbəkələrdə reklamının qarşısının alınması zəruridir. Əks halda, həm donor, həm də uşağı qəbul edən qadın üçün risklər davam edəcək, gələcək nəsillərdə genetik fəsadlar ortaya çıxa bilər.

©Report

E-saglam.az

Chosen
5
e-saglam.az

1Sources