EN

Bişkekdə Türk Akademiyasının yeni nəşrləri TƏQDİM EDİLDİ – FOTOLAR

Bişkekdə Türk Akademiyasının yeni nəşrləri təqdim olunub.

 

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya bürosunun məlumatına görə, bu gün – 25 sentyabr 2025-ci il tarixində, Kırğızıstanın Türk Dövlətləri Təşkilatındakı (TDT) sədrliyi çərçivəsində Bişkekdə Türk Akademiyasının yeni nəşrlərinin təqdimatı keçirilib.

Tədbirdə son iki il ərzində qırğız dilinə tərcümə olunmuş elmi əsərlər, Akademiyanın həyata keçirdiyi layihələrin nəticəsi olaraq işıq üzü görən kitablar və tədqiqatlar ictimaiyyətə təqdim edilib. Nəşrlər sırasında V.V. Bartholdun “Uluğbəy və onun çağı” əsəri, Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabı, Özbək ədəbiyyatının banilərindən Abdurrauf Fitratın “Hindistanlı bir səyyahın xatirələri (Buxara şəhərinin gerçək üzü)” əsəri, eləcə də “Türk xalqlarının fəlsəfi-siyasi fikir tarixi” kitabının birinci cildi yer alıb.

Bundan əlavə, Batken bölgəsinə aid “Egiz-Qara və Ak-Taş petroqlifləri” adlı elmi albom-monoqrafiya ilk dəfə ictimaiyyətə təqdim olunub. Əsərdə petroqliflər sistemləşdirilərək elmi izahlarla və keyfiyyətli təsvirlərlə zənginləşdirilib.

Tədbirdə həmçinin Türk Akademiyasının hazırladığı terminoloji lüğətlər və türk ölkələri arasında əməkdaşlıq istiqamətlərini əhatə edən analitik hesabatlar – iqtisadiyyat, nəqliyyat və enerji inteqrasiyası, qida təhlükəsizliyi, davamlı inkişaf, su resursları, təhsil və elmi əməkdaşlıq sahələrinə dair məruzələr təqdim olunub.

Mərasimdə Kırğızıstan Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Kırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Kanat Abdrahmatov, Prezidentin müşaviri və Tarix Elmini İnkişaf Komissiyasının rəhbəri Arslan Koyçiyev, Yunusaliyev Dilçilik İnstitutunun direktoru Sırtbay Musayev, Kırğız-Türk Manas Universitetinin professoru Kubatbek Tabaldıyev və elmi-mədəni dairələrin nümayəndələri iştirak ediblər.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev çıxışı zamanı qeyd edib ki, bu layihələr türk dövlətləri və xalqları arasında elmi-mədəni əməkdaşlığı dərinləşdirməklə yanaşı, ortaq kimlik və mədəni irsin qorunmasına xidmət edir:

“Bu əsərlər yalnız elmi əməkdaşlığın üfüqlərini genişləndirmir, həm də türk kimliyinin möhkəmlənməsinə, ortaq mədəni irsimizin qorunmasına töhfə verir”.

İldırım Musayev

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Chosen
9
1
konkret.az

2Sources