Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdə summativ qiymətləndirmə ilə bağlı valideynlər və şagirdlər narazılıq bildirirlər.
iddialara əsasən, hər tədris ilinin əvvəlində məktəbdə summativ imtahanların keçirilməsi üçün siniflər üzrə pul toplanır. Aşağı siniflərdən 5, yuxarı siniflərdən isə 10 manat məbləğində vəsait tələb olunduğu bildirilir.
Onların sözlərinə görə, bu cür pul yığımı artıq adi hala çevrilib və demək olar ki, hər il təkrarlanır. Şagirdlərin sözlərinə görə, bəzi müəllimlər bu ödənişi etməyənləri müxtəlif yollarla təzyiq altında saxlayır.
İddialara görə, bəzi müəllimlər summativlər üçün tələb olunan materialların çapına görə bu vəsaiti şagirdlərdən topladıqlarını bildirirlər.
Məktəbin riyaziyyat və informatika müəllimi Vidadi Ədilov isə bu iddiaların həqiqəti əks etdirmədiyini, şagirdlərdən pul yığılmasının yolverilməz olduğunu deyib.
3 nömrəli məktəblə əlaqə yaratmaq cəhdimiz isə nəticəsiz qalıb, rəhbərlik məsələ ilə bağlı mövqe bildirməyib.
Abşeron-Xızı Regional Təhsil İdarəsi isə sorğuya cavab olaraq qeyd edib ki, iddialarla bağlı araşdırma aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.
Milli.az