EN

Məhkəmədə Ermənistan müdafiə nazirinin sabiq müavininin azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı etirafları nümayiş etdirilib: Onları terrora məruz qoyurduq  

Sentyabrın 25-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiq olunması ilə davam etdirilib.

AZƏRTAC xəbər verir ki, müsahibədə M.Qriqoryan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın və Serj Sarkisyanın Azərbaycan ərazilərinin vaxtilə işğal edilməsində iştirakından da danışıb.

O, Ermənistandan yüksəkrütbəli hərbçilərin, general və polkovniklərin həmin vaxt işğal altında olan Azərbaycan ərazilərində hərbi bölmələr yaratmaq üçün göndərildiyini də söyləyib. Generallardan birinin isə adını çəkərək, onun Gümrüdən gəlmiş Artuşa olduğunu deyib.

M.Qriqoryan azərbaycanlıların qətlə yetirildiyini, kəndlərin talan edildiyini də etiraf edib və deyib: “Başladıq türklərin kəndlərini tutmağa. Girirdik, kəndləri dağıdırdıq, məhv edirdik.

Onlara (azərbaycanlılara) qarşı terror əsdirirdik, onları terrora məruz qoyurduq”.

M.Qriqoryan Ermənistan silahlı qüvvələrinə məxsus briqadanın komandiri olmasından da bəhs edib. Bildirib ki, bununla əlaqədar Ermənistana çağırılıb, müdafiə naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə göndərilib. Bundan sonra Azərbaycanın Füzuli rayonunun 47 kəndini işğal ediblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Chosen
12
26
azerbaijan-news.az

10Sources