EN

Qondarma “Arsaxın” nümayəndəsinin Piterdə müəmmalı ölümü - qətl, ya…


Tural İsmayılov: “Konsulluq binasında baş verən ölüm həm də diplomatik etiket baxımından böyük qalmaqal yaradır”

“Artsax Respublikası” “prezidenti”nin keçmiş xüsusi nümayəndəsi Boris Avaqyan Ermənistanın Sankt-Peterburqdakı Baş Konsulluğunun binasında ölü tapılıb.

Xarici mətbuatın yazdığına görə, Avaqyan ölü tapılana qədər təxminən 50 dəqiqə tualetdə huşsuz vəziyyətdə olub.Onun ölümü ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi mənbələr iddia edir ki, Avaqyan Avaqyan özünü konsulluğun tualetinə qapadaraq intihar edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını sındırmağa məcbur olub, bundan sonra onun meyitini aşkar ediblər. Başqa mənbələr isə bildirir ki, Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda “intihar edən” keçmiş məmur Boris Avakyanın meyitinin yanından bıçaq tapılıb. Bu isə intihar fikrini aradan qaldırır. Həmçinin, erməni mediası bu şəxsin intihar etmədiyini düşünür.

Maraqlıdır, Avaqyan doğrudanmı intihar edib? İntihar edibsə hansı səbəbdən bunu edib? Qətlə yetiriblərsə, motiv nə ola bilər?

“Qətlə yetirildiyi ehtimalı güclənərsə, burada həm şəxsi düşmənçilik, həm də siyasi motivlərin olması mümkündür”

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Boris Avaqyanın ölümü ətrafında dolaşan versiyalar həm intihar, həm də qətl ehtimalını gündəmə gətirir. Hadisənin Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda baş verməsi isə faktın siyasi və diplomatik rəngini artırır: “İntihar versiyasını irəli sürənlər onun şəxsi psixoloji gərginlik içində olduğunu, son illərdə siyasi kənarlaşdırılmanın təsiri altında yaşadığını iddia edir. Digər tərəfdən, meyitin yanında bıçağın tapılması bu ehtimalı zəiflədən əsas məqam kimi görünür. Diplomatik binalarda bu tip hadisələrin baş verməsi nadir haldır və adətən ciddi araşdırma tələb edir. Qətlə yetirildiyi ehtimalı güclənərsə, burada həm şəxsi düşmənçilik, həm də siyasi motivlərin olması mümkündür. Ermənistanın daxili siyasi zümrələri arasında zaman-zaman sərt rəqabət müşahidə olunub. Xüsusən də Rusiyada yaşayan erməni diasporu içində güc mübarizəsi az deyil. Bu baxımdan, hadisə sırf şəxsi deyil, daha geniş siyasi mesaj xarakteri daşıya bilər. İntihar versiyasına gəlincə, əgər həqiqətən belədirsə, bunun səbəbi kənarlaşdırılma, nüfuz itkiləri və şəxsi çıxışsızlıq ola bilər. Qətl ehtimalı isə həm Ermənistanın daxili gərginlikləri, həm də Rusiyadakı müxtəlif dairələrin təsiri ilə əlaqələndirilə bilər. Konsulluq binasında baş verən ölüm həm də diplomatik etiket baxımından böyük qalmaqal yaradır. Çünki bu, dövlətin nüfuzuna toxunan ciddi olaydır. Hadisənin araşdırılması Rusiya hüquq-mühafizə orqanlarının öhdəsinə düşsə də, siyasi nəticələri Ermənistan üçün daha ağır ola bilər. Ölümün səbəbi barədə yekun qərar rəsmi araşdırmadan sonra açıqlanacaq. Amma indiki mərhələdə fakt budur ki, həm intihar, həm də qətl ssenarisi real görünür. Bu hadisə yaxın günlərdə həm erməni ictimaiyyətində, həm də Rusiyada müzakirə mövzusu olaraq qalacaq”.

Günel CƏLİLOVA

Chosen
26
baki-xeber.com

1Sources