EN

Təvəkkül Goruslunun yaradıcılığına həsr olunan POEZİYA AXŞAMI - “Gorusun Ağbulağından Poeziya Səsi” - FOTO

20 sentyabr 2025-ci ildə Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Gorusun Ağbulağından Poeziya Səsi” adlı möhtəşəm poeziya axşamı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Qərbi Azərbaycanın qədim Gorus mahalının Ağbulaq kəndindən çıxmış, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Qızıl Qələm” və “Araz” mükafatlarının laureatı, tanınmış şair Təvəkkül Məmmədovun yaradıcılığına həsr olunub.

Poeziya axşamı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Tədbirin aparıcısı, dosent Aysel Xəlilova çıxışında bildirib ki, bu il Vətən müharibəsinin başlanmasından 5 il ötür və poeziya gecəsi həm də həmin tarixi zəfərin qəhrəmanlarına ehtiram nümunəsidir.


Tədbirdə Qərbi Azərbaycan İcmasının Gorus şəhəri üzrə sədri Etibar Həsənov, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, professor-yazıçı Zahid Xəlili, Xalq artisti Nurəddin Mehdixanlı, Gorus icmasının üzvü Səməngül Qafarova, xalçaçı rəssam Fazil Abasquluzadə və digər tanınmış şəxslər çıxış ediblər.

“Xəmsə” instrumental ansamblı, o cümlədən gənc xanəndələr Fatimə Azərqızı və Ziya Yusubovun ifasında “İrəvanda xal qalmadı”, “Türkün bayrağı”, “Yaşa Azərbaycan” kimi vətənpərvər musiqilər tədbirə xüsusi rəng qatıb.


Gecənin zirvə anı poeziya axşamının qəhrəmanı – şair Təvəkkül Məmmədovun səhnəyə çıxışı olub. Şair öz ədəbi yolundan bəhs edərək, Ağbulaq həsrətini və doğma torpaqlara qayıdış ümidlərini bölüşüb.

Daha sonra poeziya axşamının təşkilinə və dəstəyinə görə bir sıra şəxslərə təşəkkürnamələr təqdim olunub. Eyni zamanda Qərbi Azərbaycan İcmasının yeni üzvlərinə vəsiqələr verilib.

Tədbirin sonunda vurğulanıb ki, bu poeziya axşamı sadəcə bir ədəbi tədbir deyil, həm də Qərbi Azərbaycanın unudulmaz kəndlərinin – Ağbulağın, Şurnuxunun, Qurdqalağın, Şahverdilərin və Şamsızın ruhunu yaşadan bir yaddaş məclisidir. İştirakçılar əminliklə bildiriblər ki, Ağbulağın poeziya səsi bir gün öz doğma torpaqlarında yenidən ucalacaq.














Bizim.Media

Chosen
15
1
bizim.media

2Sources