Xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşüb.
Paralel.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşündə nazirlər Azərbaycan və Estoniya arasında dialoqun siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə intensivləşdirilməsinin vacibliyini vurğulayaraq ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını qeyd ediblər.
Xarici işlər naziri Bayramov Azərbaycanın regionda sülh quruculuğu səyləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və Vaşinqton sammitinin nəticələri barədə estoniyalı həmkarını məlumatlandırıb.
Hər iki tərəf BMT və digər beynəlxalq platformalar da daxil olmaqla, ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.