“Neftçi” basketbol klubunun kapitanı Amil Həmzəyevin Offsideplus.az saytına müsahibəsi
- “Neftçi”nin bu mövsüm üçün transferlərini necə dəyərləndirirsiniz?
- Avrokuboklarda iştirak etdiyimiz üçün builki transferlərimiz ötənilkilərdən daha güclüdür. Düzdür, mərkəz mövqe oyunçusunu çox gec tapdıq. Çünki məşqçimiz transferlərə çox həssas yanaşır. İstədiyi oyunçunu tapmaq bir qədər vaxt aldı. Onun bizə gec qoşulması mövsümün əvvəlində dezavantaj ola bilər. Ancaq ümumilikdə bütün yeni transferlərimizi bəyənirəm.
- Bəs yeni baş məşqçiniz Vitali Stepanovskini necə?
- Baş məşqçini hələ Ukraynada oynadığım illərdən bəri tanıyıram. Həmin vaxt o, “Ximik” komandasını çalışdırırdı. Qismət indi elə gətirdi ki, bir yerdə işləyəsi olduq. Onunla işləmək xoşdur. Çox sərt, disiplinli məşqçidir. Həqiqətən də, elə məşqçiləri bəyənirəm və düşünürəm ki, onun rəhbərliyi altında uğurlu mövsüm keçirəcəyik.
- Qarşıdan gələn “Sabah”la oyuna hazırlıqlar necə gedir?
- Təəssüf ki, oyunqurucu mövqeyindəki oyunçumuz hazırlıq prosesində təəssüf zədələndi. Hazırda onunla bağlı qərarı gözləyirik. Bu zədə sistemi bir qədər tərpədib. Ancaq ümumilikdə götürəndə hazırlıqlar yaxşı keçib. Düşünürəm ki, basketbolsevərlər layiqli mübarizə izləyəcək.
- “Sabah”dan söz düşmüşkən, Kamran Məmmədovun transferi kifayət qədər maraqla qarşılandı.
-Onunla həm millidən, həm də “Neftçi”dən yoldaşlıq edirik. Buna görə də, Kamran üçün uğurlu seçim olduğunu düşünürəm. Çünki o, “Sabah” komandası ilə Çempionlar Liqasına qatılmaq istəyirdi. Komanda birinci il uğurlu çıxış edəndə Kamranın orada çox böyük əməyi vardı. Sadəcə sonradan bəzi məsələlərə görə komandadan ayrılmalı oldu. Ancaq hazırda sözügedən məsələlər həllini tapıb. Mən həmişə hiss edirdim ki, Kamranın ürəyində bir “Sabah” sevgisi var. Əsas odur ki, hər şey onun ürəyincə olsun. Bizim üçün də Əkbər Məmmədov uğurlu transferdir. Fikrimcə, o, ötən illərdə olduğu kimi bu il də yaxşı performans göstərəcək.
- Sizcə, bu il rəqabətli çempionat izləyəcəyik?
- Bəli, bizi maraqlı çempionat gözləyir. Məncə, “Abşeron” turu keçib avrokuboklarda mübarizə aparacaq. Biz avrokuboklardayıq, “Sabah” Çempionlar Liqasındadır. “Gəncə” çox yaxşı heyət formalaşdırıb. Düşünürəm ki, bu dörd komanda arasında daha gərgin rəqabət olacaq. “Şəki” ilə NTD A qrupunda hər zaman sürprizə hazır komandalardır. B qrupunda isə “Ordu” ilə “Naxçıvan”ı qeyd edə bilərəm. Digər komandalar arasında da layiqli mübarizənin gedəcəyini düşünürəm.
- FİBA Avropa Kubokunun qrup mərhələsindəki rəqiblərinizi necə dəyərləndirərdiniz?
- Mübarizəyə Polşa səfərində başlayacağıq. İlk oyunumuz “Trefl”lə qarşı olacaq. Avrokuboklarda təcrübəsiz olmağımıza baxmayaraq, bütün rəqiblərlə layiqli mübarizə aparacağımıza inanıram.
- Bu mövsüm komandanın qarşısına qoyulan əsas hədəflər nədir?
- Həm liqada, həm də kubokda maksimal nəticə göstərmək, uğurlu çıxış etmək istəyirik. Avrokuboklarda isə həm “Neftçi”ni, həm Azərbaycanı layiqli təmsil etmək üçün əlimizdən gələni edəcəyik.
- “Neftçi” azarkeşlərinə nə demək istəyərdiniz?
- Azarkeşlərimizi həm yerli çempionat oyunlarında, həm də avrokuboklarda bizi tək qoymamağa səsləyirəm. Bu, həqiqətən də, bizim üçün böyük dəstək və motivasiyadır.