EN

Nizami Gəncəvi və Şota Rustaveli mədəniyyət kəsişmələri

ain.az bildirir, 525.az portalına istinadən.

Gəncədə "Nizami Gəncəvi və Şota Rustaveli - mədəniyyət kəsişmələri" mövzusunda Azərbaycan-Gürcüstan Birinci Beynəlxalq Konfransı keçirilib.

Əvvəlcə AMEA-nın Gəncə Bölməsinin konfrans salonunun foyesində xalqlarımızın milli dəyərlərinin simvollarına çevrilmiş Nizami Gəncəvinin və Şota Rustavelinin əsərlərinə həsr olunmuş sərgi nümayiş etdirilib. AMEA-nın Akademiya Muzeyinin baş mütəxəssisi, sənətşünaslıq üzrə fəsəfə doktoru Aynurə Həşimova qonaqlara sərginin eksponatları haqda geniş məlumat verib. O, həmçinin sərgidə klassiklərimizin əsərlərinə çəkilmiş nümunələri təqdim edərkən, son vaxtlar AMEA-nın rəhbərliyinin təsviri sənətə elmi düşüncə və fəaliyyətin bir istiqaməti kimi önəm verdiyini və bu sahədə çalışan rəssam və dizaynerləri dəstəklədiyini xüsusi vurğulayıb.

Konfransın açılışında AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonaqları qədim Gəncə torpağında, Nizami yurdunda salamlayaraq, iki qonşu ölkənin xalqlarının dostluq və qarşılıqlı etibarının əsrlərin sınağından çıxdığını vurğulayıb. O, müasir dövrümüzdə ölkələrimizin rəhbərlərinin bu dostluq və həmrəyliyi daha da yüksək səviyyəyə qaldıraraq, beynəlxalq sabitlik və inkişafa daim əhəmiyyətli töhfələr verdiklərini diqqətə çatdırıb. Akademik Fuad Əliyev əlavə edib ki, Azərbaycan və Gürcüstanın elm adamları da  ümumu tərəqqiyə öz töhfələrini vermək üçün çalışırlar.

Akademik Fuad Əliyev vurğulayıb ki, Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixeil Kavelaşvilinin 2025-ci ilin aprelində Bakıda keçirilən görüşü  alimləri də iki xalqın milli-mənəvi  dəyərlərinin köklərini daha əsaslı  tədqiq etməyə sövq edir və bu baxımdan Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı iki qardaş xalqın müştərək mədəniyyətə, ədəbiyyata, əxlaqi dəyərlərə malik olduğunun göstəricisidir.

O, həmçinin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani ilə görüşü zamanı Azərbaycan-Gürcüstan elmi əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev son dövrlər, xüsusən də Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqın həmrəyliyi ilə  44 günlük Vətən müharibəsində ərazi bötövlüyümüzün Böyük Zəfərlə tam bərqərar edilməsindən sonra yaranmış imkanlar sayəsində ölkəmizin qonşu və dost Gürcüstan ilə həmrəyliyə söykənən istər iqtisadi, istər də mədəni-mənəvi sahədə əməkdaşlığının perspektivlərinin daha yüksək səviyyəyə çatdığını qeyd edib və bugünkü mötəbər elmi görüşün də bu cür əlaqələrin genişləndirilməsinə xidmət etdiyini söyləyib.

A.Tağıyev Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovun konfransın iştirakçılarına salamlarını və uğur arzularını çatdırıb.

Gürcüstanın Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze çıxışında xalqlarımızın dostluq, qardaşlıq və məqsəd yaxınlığına daha bir nümunə olan bu tədbirin təşkili üçün Gəncə Şəhər İcra Hakimiyyətinə və onun başçısı Niyazi Bayramova, Gürcüstanın Azərbaycan Respublikasının Səfirliyinə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə,   Ədəbiyyat İnstitutuna, Gəncə Bölməsinə, onun rəhbəri, akademik Fuad Əliyevə, eləcə də ölkəsinin əlaqədar universitet və elmi tədqiqat ocaqlarına təşəkkürünü bildirib: "Biz burada özümüzü evdəki kimi hiss edirik. Xalqlarımızın dostluğu və qardaşlığı əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlər açır. Bu layihənin də genişlənəcəyinə, tədbirlərin Bakı, Tbilisi, Gəncə, Kutaisi və digər şəhərlərdə birgə konfranslar, mədəni tədbirlər, ziyalıların görüşləri və başqa rəngarəng formalarda keçiriləcəyinə ümid edirik".

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Gürcüstan-Azərbaycan dostluğu və əməkdaşlığının təzahürlərindən biri kimi, ədəbiyyatlarımızın müştərək intibahı və bu intibahın görkəmli isimlərindən olan Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılıq və fəlsəfi aləminin paralellərinin araşdırılmasının hər iki xalqın elminin və mənəvi dünyasının yüksəlişinə xidmət etdiyini və bu baxımdan, Nizami Gəncəvi və Şota Rustavelinin timsalında mədəniyyətlərimizin kəsişməsinə aid iki ölkə alimləri tərəfindən müştərək həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb: "Layihə üzrə AMEA tərəfindən nəşr olunmuş "Nizami Gəncəvi və Şota Rustaveli" adlı böyük tədqiqat əsəri artıq gürcü və ingilis dilində də çapdan çıxıb. Bu da bizim xalqlarımızın sahib olduğu ortaq dəyərlərimizin tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir".

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani çıxış edərək, Qafqaz coğrafiyasında ədəbiyyatın yüksəlişinin Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı ilə sıx bağlı olduğunu, bu forumun mövzusuna daxil olan müştərək "mədəniyyət kəsişmələri" anlayışının açılması üçün layihəni icra edən qurumların, tədqiqatçıların vahid komandada çox səmərəli çalışdıqlarını qeyd edib: "Azərbaycan və Gürcüstan xalqlarının mənafeyinə xidmət edən və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutu və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə fəaliyyətlərilə davam edən layihə birinci mərhələni başa vurub. İkinci mərhələ isə multidissiplinar xarakter daşıyır, yəni yalnız ədəbiyyat shəsində deyil, bu böyük şairlərin yaradıcılığınına aid mövzular üzrə  sənətşünaslıq, rəssamlıq, musiqi və digər sahələrdə yaradıcılıq işləri və tədqiqatlar aparılır".

İrma Ratiani "Şota Rustaveli və onun "Pələng dərili cəngavəri". 1937-ci ildə qeyd edilən yubileyi" mövzusunda məruzə ilə də çıxış edərək, Rustaveli sözü və fikrinin mənəvi gücünün sovet rejiminin repressiv başqılarının ən şiddətli məlum dövründə insaniyyətə böyük xidmət göstərdiyini vurğulayıb.

Sonra konfrans iştirakçılarının müxtəlif mövzularda çıxış və mülahizələri dinlənilib. Çıxışlar ətrafında müzakirələr, eləcə də iki qonşu və dost ölkənin alimlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri haqda fikir mübadiləsi aparılıb.

AMEA və onun Gəncə Bölməsi tərəfindən gürcü qonqlara Akademiyanın 80 illiyi və Nizami Gəncəvi motivləri əks olunmuş suvenir xalçalar və elmi ktablar hədiyyə olunub.

Konfransın iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, onun ata və anasının yaxınlıqdakı qəbirlərini,  Nizami Gəncəvi Muzeyini, eləcə də görkəmli gürcü şairi Nikoloz Barataşvilinin Gəncə şəhərində yaşamış olduğu məkandakı barelyefini ziyarət ediblər.

Zakir MURADOV

Gəncə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
525.az

1Sources