EN

Anım Günü də həmişə böyük vətəndaşlıq borcu kimi qeyd olunacaqdır

Ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. İstər dünyanın nüfuzlu dövlətləri, istərsə də beynəlxalq təşkilatlar bu müharibəyə vaxtında və ciddi münasibət bildirmədi. Bu müharibə elan edilmədən başlasa da işğalçılıq müharibəsi olduğu müəy­yən səviyyələrdə etiraf edilirdi. Lakin beynəlxalq təşkilatlar Ermənistanı işğalçılığa görə, müharibəyə başladığına görə,  mülki əhaliyə qarşı törətdiyi cinayətlərə görə ciddi qınamırdı. Beynəl­xalq təşkilatlar işğalçı ilə işğala məruz qalmış dövlətlərin mövqelərini fərqləndirmirdi. Bu­na siyasətdə ikili standartlar deyirlər. Bəzi məqamlarda beynəlxalq təşkilatların işğalçıya rəğ­bəti də açıq hiss olunurdu. Azərbaycan sülh danışıqlarının davam etdirilməsinin tərəfdarı olsa da Ermənistan danışıqlardan yayınır. Regionda mövcud status-kvonu saxlamağa çalışırdı. Ona görə Azərbaycan Ermənistanın niyyətini özü həll edəcəkdi, həm də ordusunun gücü ilə...

Ermənistan müharibə qanunlarına əməl etmədən müharibə aparırdı. İşğal zamanı yaşayış məntəqələri dağıdılırdı, dinc əhali amansızcasına qətlə yetirilirdi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım, Meşəli, Qaradağlı kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin təsdiqi kimi tarixləşib. Xocalı faciəsi son yüz illərin ən ağır cinayətlərindəndir. Bu cinayətlərinə görə cəzasız qalmış işğalçı dövlət yeni ərazilər işğal etmək niyyəti ilə 2020-ci il sentyabr ayının 27-də Azərbaycanın ərazilərinə iri miqyaslı hücuma keçdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi; İkinci Qarabağ müharibəsi başladı. Ordu hissələrimiz düşmənin yaratdığı müdafiə sədlərini dağıdaraq mühüm mövqe qələbələri qazandı...  

Ordu hissələrimiz müharibənin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərini,  Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərini, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəklikləri işğaldan azad etdi. Müharibənin ilk günü qazanılan qələbələr sonrakı döyüşlərdə qələbələrin başlanğıcı oldu...

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin başa çatmasında vəsilə oldu. Bu qələbə düşmənin məğlubiyyətini etiraf etdirdi. Noybrın 10-da üçtərəfli Bəyanat imzalandı, bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. 

44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekun­laş­dı.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun hissələri antiterror əməliyyatına başladı. Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərənca­mına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

2016-cı ili Aprel döyüşləri, 2020-ci il iyul döyüşləri Ermənistana da, onun havadarlarına da ciddi, qətiyyətli hərbi xəbərdarlıq idi. Beynəlxalq təşkilatların yerinə yetirə bilmədiyini Azərbay­can Ordusu yerinə yetirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qa­zandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə də, dünya ictimaiy­yətinə də nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərən­cam­dan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi:  “Birinci Qarabağ və İkinci Qara­bağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Xalq bu fikirləri həmişə qürurla yaşadacaq.

Anım Günü Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlarımıza ehtiram günüdür. Bu gün də müharibə tariximizin müəyyənləşdirdiyi günlərdən biridir, həmişə böyük vətəndaşlıq borcu kimi qeyd olunacaqdır...

Səbinə Xasayeva,
Milli Məclisin deputatı

Chosen
4
3
ikisahil.az

4Sources