EN

ADNSU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdən əvvəl ADNSU-nun şəhid məzunlarının adını daşıyan auditoriyalar və şəhidlər üçün ucaldılmış abidə kompleksi ziyarət olunub, onların xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, xalq və ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən danışıb. O, vətənin azadlığı uğurunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin böyük ehtiramla anıldığını vurğulayıb və onların göstərdiyi qəhrəmanlığın gənclər üçün ən böyük vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov və YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxışlarında Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsindən söz açaraq, 27 Sentyabr tarixinin gələcək nəsillərə ötürülən mühüm mesaj olduğunu diqqətə çatdırıblar.

Tədbirdə, həmçinin, 44 günlük Vətən müharibəsinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib, şəhid valideynləri çıxış edərək xatirələrini bölüşüblər. Bədii hissədə ADNSU tələbələri şəhid analarına həsr olunmuş “Salam şəhid anası” adlı şeiri səsləndiriblər.

Sonda universitetin qazi tələbəsi Kamran Şamil oğlu Babayev çıxış edərək Vətən uğrunda aparılan mübarizədən, əbədi qələbədən söz açıb və öz təəssüratlarını bölüşüb.

Chosen
21
3
azedu.az

4Sources