Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsinə toxunub. Dövlət başçısı qeyd edib ki, Xəzər dənizinin sürətlə kiçilməsində əsas səbəb iqlim dəyişikliyi deyil.
"Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil. Gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var", - İlham Əliyev qeyd edib.
Bəs bu problemin arxasında dayanan amillər nələrdir?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən ekoloq Rövşən Abbasov sözügedən problemə səbəb kimi bir neçə faktor sadaladı.
Onun sözlərinə görə, əsas amil kimi Xəzər dənizinə tökülən çayların, xüsusilə də Volqa çayının su həcminin kəskin azalması göstərilə bilər:
“Volqa çayının suyunun Rusiya ərazisində normadan artıq istifadə olunması, su ehtiyatlarının israfı və bölgədə çoxsaylı su anbarlarının tikilməsi bu problemin əsas mənbəyidir. Bu ambarlarda baş verən buxarlanma və su itkiləri nəticəsində Xəzərə axan ümumi su miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu isə dənizdə su səviyyəsinin sürətlə aşağı düşməsinə səbəb olur. Eyni zamanda Ural çayının da suyu ildən-ilə kəskin azalır. Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında Xəzər dənizinin su balansı məsələsi xüsusi olaraq gündəmə gətirilməlidir”.