EN

Bu məktəblərdə hər ay qiymətləndirmə aparılacaq - Vəfa Yaqublu AÇIQLADI

2025-2026-cı tədris ilində bir sıra ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu "Azərbaycan müəllimi"nə müsahibə verib.

- Yeni təmayül tədris modeli nədir?

- Tam orta təhsil səviyyəsində təmayülləşmə əvvəlki illərdə də tətbiq edilirdi. Buradakı əsas yenilik şagirdlərin tam orta təhsil səviyyəsində buraxılış fənlərini və eləcə də seçdikləri təmayülə uyğun fənləri əvvəldən – fənnin ilkin və təməl anlayışlarının yenidən öyrənilməsi üzərində qurulmasından ibarətdir. Yəni şagirdlər, məsələn, fizika fənnini 10-cu sinif materialı əsasında öyrənməyə başlamazdan əvvəl həmin fənnin aşağı siniflərdə keçilmiş məzmununu təkrarlayıb möhkəmləndirirlər. Mürəkkəb adlandırdığımız kompleks tapşırıqları həll edərkən minidərs yanaşmasından istifadə edərək verilmiş tapşırığın həlli üçün vacib olan əvvəlki mövzuları mütəmadi təkrar edirlər. Öyrənmə prosesində açıq və qapalı testlərlə daha çox işləyirlər.  

- Məktəblərdə dərslər necə keçiriləcək?

- Dərslərin keçirilməsində xüsusi bir yenilik gözlənilmir. Lakin nəzərə alsaq ki, bu siniflərdə tədrisə sertifikasiya balı yüksək olan, akademik bilikləri və metodiki ustalığı ilə seçilən müəllimlər cəlb edilmişdir, əlbəttə ki, onlar öyrənmə prosesini daha səmərəli təşkil edəcəklər.

- Həmin modeldə tədris üçün əlavə hansısa vəsaitlərdən istifadə olunacaqmı? Həmin vəsaitlər hazırlanıbmı?

- Buraxılış və ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün dərsliklə yanaşı, xeyli sayda videoresurslarımız var ki, bunlar da mövzunu həm dərininə öyrənməyə, həm də mövzuya fərqli rakurslardan baxmağa imkan verir. Nəticədə şagird mövzunu əzbərləyərək deyil, anlayaraq öyrənir. Öyrənmə prosesi daha təbii və rahat gedir.

- Dərslər günün hansı hissəsində təşkil olunacaq?

- Dərslər günün birinci yarısında keçirilir. Tədris planı bu siniflər üçün dövlət standartının yol verdiyi maksimum dərs saatı əsasında qurulub: həftədə 37 saat. Sual yarana bilər ki, bu az deyilmi? 37 saat müəllimin rəhbərliyi ilə öyrənmə üçündür. Bundan sonra şagirdlərin kiçik qruplarda və ya fərdi şəkildə ev tapşırıqlarını etməsi də öyrənmə vaxtını çoxaldır. Həm də OECD araşdırmaları təsdiq edir ki, bəlli bir zamandan artıq öyrənmə heç də həmişə daha yaxşı nəticə demək deyildir.

- X-XI siniflər üzrə digər fənlərin tədrisi hansı formada aparılacaq?

- Azərbaycan Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 9.4.1-ci bəndinə əsasən, tam orta təhsil səviyyəsində təmayül siniflərində təmayül fənləri ilə yanaşı tədris edilməli olan digər fənlər də tədris edilir: informatika, Azərbaycan tarixi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq.

- Şagirdlər həmin siniflərə hansı şərtlər çərçivəsində qəbul edilirlər?

- Əlbəttə ki, birinci şərt ümumi orta təhsil səviyyəsini bitirmək barədə attestatın olmasıdır. Şagird qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin müvafiq altsistemi vasitəsilə həyata keçirilir. Bu zaman sinif komplektlərinin formalaşdırılması üçün minimum şagird sayı və təmayül istiqamətləri nəzərə alınır. Qəbul prosesi ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinə əsasən, müraciət edənlərin topladıqları balların azalan ardıcıllıqla sıralanması yolu ilə və məktəbdə yer sayı nəzərə alınmaqla aparılır. Eyni bal toplamış namizədlər arasında seçim təmayül fənləri üzrə onların buraxılış sinfinin yekun (illik) qiymətlərinin orta balına əsasən aparılır.

- Müəllimlər hansı şərtlərdə qəbul ediləcək? Digər məktəbdə çalışan müəllimlər də həmin müəssisələrdə tədris aparmaq üçün müraciət edə bilərlərmi?

- Yuxarıda qeyd etdiyimiz kimi, sertifikasiya balı yüksək olan müəllimlər cəlb edilib. Həm də bu şəxslərin iş təcrübəsi və metodiki bilikləri onlarda mövzunu daha səmərəli üsullarla öyrətmək səriştəsi yaradır. Burada onu da deməliyik ki, yalnız səmərəli üsullar deyil, üsulların müxtəlifliyi də səriştəli müəllimin silahıdır.

- Bu məktəblərdə təhsil alan şagirdlər üçün vaxtaşırı sınaq imtahanlarının təşkili nəzərdə tutulurmu?

- Bəli, bu məktəblərdə ənənəvi kiçik və böyük summativlərlə yanaşı, aylıq əsasda əlavə qiymətləndirmələr də keçiriləcəkdir ki, bunu sınaq imtahanı adlandıra bilərsiniz. Sadəcə, hesab edirik ki, “imtahan”, “sınaq” sözlərinin mənfi konnotasiyası yeniyetmələrdə stres yaratmaq gücünə malikdir. Bu səbəbdən, “qiymətləndirmə” sözündən istifadəni tövsiyə edirik.

- Yekunda şagirdlərin biliklərinin qiymətləndirilməsi necə aparılacaq?

– Ənənəvi qaydada: kiçik və böyük summativlərin əsasında aparılacaqdır.

Chosen
16
6
redaktor.az

7Sources