EN

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkar edib » AzadMedia.az

Hesablama

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi aparıb.

AzadMedia.az Palataya istinadən xəbər verir ki, audit obyekti kimi müəyyən edilmiş Agentlik aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə yaradılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən Agentliyin fəaliyyəti hər biri ayrı-ayrı mühasibat uçotunun subyekti olmaqla Aparat və tabeliyindəki qurumlar, o cümlədən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi (HSBXM), Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi (LESM), Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi (BMFM), Aqrar Təlim Mərkəzi (ATM), eləcə də "Təchizat Bazası" MMC (anbar) vasitəsi ilə həyata keçirilir.

Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər olan müddət əhatə olunub, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 111,3 milyon manata, xaricolmalar üzrə 105 milyon manata bərabər olub.

Toplanmış sübutlara əsaslanaraq auditin nəticələri əsasən aşağıdakılardan ibarət olub.

Ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi əsasən yerinə yetirilməyib ki, bu da baytarlıq sahəsi üzrə bir sıra xüsusi təhlükəli xəstəliklərin profilaktik peyvəndləmə işlərinin planlaşdırılmasında və icrasında mütərəqqi təcrübələrə və risk əsaslı yanaşmalara deyil ümumi naxırda tam sürü prinsipinə üstünlük verilməsini şərtləndirib.

İdentikləşdirilmənin lazımi səviyyədə həyata keçirilməməsi və elektron informasiya sisteminin formalaşdırılmaması şəraitində, həmçinin heyvanların hərəkətinin izlənilməsi, profilaktik peyvəndləmə işlərinin ünvanlılığının (həqiqiliyinin) müəyyənləşdirilməsi mümkünsüz olub. Eyni zamanda, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş saylarının hesabatlılıq göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərindən əhəmiyyətli (11-16 % intervalında) fərqlənməklə ölkə üzrə uçotun etibarlı olmaması müəyyən edilib.

Heyvanların identikləşdirilməsi prosesi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud olmayıb. Mütərəqqi beynəlxalq və regional təcrübə nəzərə alınmaqla qanunvericilik təşəbbüsləri irəli sürülməyib. Qeyd olunan və digər hallar uzun illər davam edən sahəvi inzibatçılıq modelinin dövlət sektoru kontekstində düzgünlük aspektlərinə cavab vermədiyini göstərib, "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın tədbirlər planı ilə nəzərdə tutulan müvafiq hədəflərə 2025-ci ilin sonunadək nail olunmayacağını demək üçün əsaslar yaranıb.

Agentliyin fəaliyyəti üzrə Strateji İnkişaf Planı, illik Əməliyyat Planları və monitorinq sistemi tətbiq edilməyib, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə fəaliyyət planları və icra məlumatlarında bitkiçilik və heyvandarlıq sahələrində respublikanın regionları üzrə hansı xəstəliklərə qarşı mübarizə aparıldığı, nəticələrinin necə olduğu, xəstəliklərlə bağlı monitorinqlər və nəticələri, aşkar olunmuş xəstəliklər, həmçinin kənd təsərrüfatı yönümlü texnikalar üzrə dövlət texniki nəzarət sahəsində monitorinq göstəriciləri, digər bu kimi mühüm indikatorlar öz əksini tapmayıb.

"Elektron kənd təsərrüfatı" informasiya sistemində torpaq analizləri və toxumların sertifikatlaşdırma prosesi üçün alt modullar 2024-cü ildə istifadəyə verilib, toxumçuluqda fəaliyyətin səmərəliliyinin artırılması üçün hüquqi aktların təkmilləşdirilməsinə dair layihələr hazırlanıb, funksional fəaliyyət çərçivəsində fermerlərin maarifləndirilməsinə diqqət artırılıb, o cümlədən bitkiçilik, bitki mühafizəsi, heyvan sağlamlığı, heyvandarlıq və baytarlıq istiqamətlərinə daha çox önəm verilib.

Hüquqi mandatında və əməliyyat sxemində dəyişikliklərin baş verməməsi şəraitində Agentliyin Aparatı üzrə dövlət büdcəsindən maliyyələşdirilməklə xərclənmiş vəsaitin məbləği 2023-cü ildə 19 milyon 297,2 min manata bərabər olduğu halda 2024-cü ildə 47,1 % azalaraq 10 milyon 201,1 min manat təşkil edib ki, bununla da büdcə vəsaitlərinin daha qənaətli xərclənməsi prinsiplərini rəhbər tutulub. Bu, eyni zamanda, 2023-cü ildə dövlət büdcəsinin vəsaitlərinə olan illik tələbatın düzgün müəyyənləşdirilməməsi, əsasən dərman, sarğı ləvazimatları, peyvəndlər və bitki mühafizəsi vasitələrinin satınalma prosedurları çərçivəsində ehtimal olunan qiymətlərinin yüksək intervallarda hesablanaraq alış müqavilələrinin baha qiymətlərlə rəsmiləşdirilməsi və bəzi hallarda alışların illik tələbatdan artıq həyata keçirildiyindən növbəti illərə keçən anbar qalıqlarının olması və ya akkreditivlərin yaranması kimi hallarla səciyyələnib.

Ehtimal olunan qiymətlərin hesablanması üçün səmərəli (regional coğrafiyadakı istehsalçılar üzərindən) bazar araşdırmaları aparılmadan Kosta-Rika mənşəyinə üstünlük verilərək ticarətçi qeyri-rezident şirkətlə bir dəstinin qiyməti 32,1 manata sənədləşdirilmiş müqavilələr bağlanılıb və ümumilikdə ödənilmiş dəyəri 1 milyon 669,1 min manata bərabər 51 949 dəst feromon (P588) tələlərinin qeyri-optimal qiymətlərlə satınalınmasına yol verilib. İki il ərzində istifadə olunmasına baxmayaraq həmin feromon tələlərinin hal-hazıradək dövlət sınağından keçməsi və dövlət qeydiyyatına alınması təmin edilməyib.

Eyni zamanda, feromon tələlərindən 01.01.2025-ci il tarixinə 35018 dəstinin qalıqda qalması və köhnəlməsi qeyri-rezident şirkətlə bağlanmış müqavilələr üzrə tələbatın düzgün müəyyənləşdirilməməsini və 1 milyon manata yaxın büdcə vəsaitinin 2023-cü ildə səmərəsiz xərclənməsini deməyə əsas verib.

Həmçinin, auditə təqdim edilmiş sənədlər zəif və ya sıx qaydada aşkarlanan zərərvericilərin ölkənin bəzi (şimal və şimal-qərb) regionları üzrə müşahidə olunduğunu, feromon tələlərinin isə risk əsaslı yanaşmalarla deyil, 2024-cü ildə az qala bütün regionlar üzrə asıldığını (müvafiq hallarda, fermer təsərrüfatları üzrə rəsmiləşdirilmədən) göstərib ki, bu da büdcə vəsaitlərindən səmərəsiz istifadəni bir daha təsdiq edir.

Agentliyin səlahiyyətlərinə ümumilikdə 390-dan çox sayda haqqı ödənilməklə həyata keçirilməli olan müxtəlif xidmətlərin aid edilməsi müqabilində yalnız 10-na yaxın sayda olan xidmətlərin rəsmiləşdirilməsindən gəlirlər əldə olunub. Bu isə sifarişçilər və sifarişin predmetləri üzrə hesablanmış və ödənilmiş məbləğlərin uçotu, sifarişlərin elektron müraciət sisteminin formalaşdırılmaması və sifarişçi bazasının müəyyənləşdirilməməsi şəraitində qeyri-büdcə mənbələri üzrə potensial daxilolmaların itirilməsi kimi riskləri səciyyələndirib.

Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin tabeliyindəki 11 dövlət sort-sınaq məntəqələrinin ərazilərinə aid torpaq sahələrindən yalnız 7,8%-i (37,27 hektarı) əsas funksional fəaliyyət çərçivəsində istifadə olunub ki, bu da maddi-texniki bazanın qanunvericiliklə müəyyən edilmiş əsas vəzifələrin yerinə yetirilməsinə hədəflənməsi səviyyəsinin aşağı olması deməkdir.

Eyni zamanda, toxumların sınaq məqsədlərinə deyil, gəlir əldə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalına cəlb edilmiş müvafiq torpaq sahələrində istehsal prosesinin, o cümlədən çəkilən xərclərin, satışlardan daxilolmaların və borcların uçotu bir qayda olaraq aparılmamış, satışdan vəsaitlər nağd qaydada əldə edilib. Əkini sənədləşdirilmiş həmin torpaq sahələrindən əldə olunmuş məhsulların (əsasən buğda, arpa, pambıq və fındıq) miqdarı bəzi hallarda ölkə üzrə orta məhsuldarlıq göstəricilərinin 40 %-lik aşağı hədlərindən (bəzi ərazilərin dəmyə və ya suvarılmayan ərazilər olduğu da nəzərə alınmaqla) belə az miqdarda rəsmiləşdirilməsi, dincə qoyulması və ya yararsız olması barədə məlumatlar təqdim edilmiş torpaq sahələrinin isə faktiki olaraq istehsal prosesinə cəlb edilməsi və bu kimi digər halların mövcudluğu ümumilikdə 175 min manata yaxın satış potensialının reallaşdırılmadığını biruzə verib.

Heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməmiş, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən bağlanmış müqavilələrin şərtləri çərçivəsində müvafiq malların (ehtiyatların, o cümlədən baytarlıq preparatları (peyvəndlər), xüsusi geyim dəstləri, dezinfeksiyaedici məhlullar və digər vasitələr qismində 2023-cü il üzrə 17 milyon 768,8 min manatlıq, 2024-cü il üzrə 10 milyon 872,8 min manatlıq) baytarlara təqdim edilməsi prosesi elektron qaimə-fakturalarla rəsmiləşdirilməmiş, istifadəsiz qalanların qaytarılması müqavilə şərtləri ilə əhatə olunmayıb.

Uzun müddətli kommersiya tərəfdaş olan qeyri-rezidentlə bağlanmış müqavilələrə əsasən ümumilikdə ödənilmiş dəyəri 3 milyon 302,5 min manata bərabər rəsmiləşdirilməklə dabaq xəstəliyi əleyhinə peyvəndlərin alınmasına və istifadə olunmasına baxmayaraq baytarlıq preparatlarına aid edilən həmin peyvəndlərin hal-hazıra qədər dövlət qeydiyyatına alınması təmin edilməyib.

Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi bir qayda olaraq zəruri ilkin sənədlərin rəsmiləşdirilməsini aparmadan, o cümlədən torpaq sahəsinin ünvanı və fermerin rekvizitləri əks etdirilmədən, fermerin sifarişinin şərtlərini tənzimləyən hər hansı təsdiqedici sənəd olmadan, fermerin maliyyə-təsərrüfat əməliyyatına aidiyyəti olmayan yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və s. nümayəndələri qeyd olunan aktlar tərtib edərək bitki mühafizəsi və fumiqasiya tədbirlərinə sərf olunması qismində ümumilikdə 1 milyon 526,6 min manat dəyərində sink fosfidin və digər pestisidlərin uçotdan silinməsinə yol verilmişdir. Analoji hallar LESM-i üzrə də baş vermiş, analizlərin aparılmasına sərf olunması qismində 2023-cü ildə anbardan 362,9 min manat dəyərində reaktivlər məxaric edib, həmin reaktivlərin 2023-cü ildə silgisinə dair ümumiyyətlə uçot aparılmayıb, 2024-cü ildə isə silgisi ümumi şəkildə rəsmiləşdirilməklə 231,1 min manat dəyərində reaktivlər uçotdan silinib.

Alınmış müvafiq partiya peyvəndlərin anbara 2023-cü ilin dekabr ayının 28-də, 29-da və 2024-cü ilin yanvar ayının 7-də mədaxil edildiyi halda 2024-cü il üçün heyvanlar arasında epizootiya əleyhinə diaqnostik və profilaktik Tədbirlər Planının icra reqlamenti funksional fəaliyyətin düzgün təşkil edilməməsi səbəbindən gecikdirilərək istifadə edilməsinə yol verilib, o cümlədən istifadə müddətinin bitməsinə 1-2 ay qalmış ümumilikdə 2795230 dozanın respublikanın 64 rayonuna çatdırılması sənədləşdirilib. Bu da həmin peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitetin formalaşmasında, nəticə etibarı ilə dövlət vəsaitlərinin səmərəli istifadəsində ciddi risklərin mövcudluğundan xəbər verib.

Tədbirlər Planı ilə nəzərdə tutulan və həmin plana sonradan müvafiq qaydada razılaşdırılmaqla əlavələr edilən xırdabuynuzlu heyvanların sayına müvafiq istifadə edilməsi sənədləşdirilib 2023-cü il üçün dabaq xəstəliyinə qarşı peyvəndlərin sayından əlavə (zəruri ilkin sənədlərlə təsdiqlənmədən təkrar peyvəndləmənin mümkünlüyü adı ilə) 64 545 doza miqdarında peyvəndlər də uçotdan silinib ki, bu da əlavə (HSBXM-nin regional strukturları üzrə ilin sonuna peyvəndlərin qalığı və itki norması nəzərə alınmaqla) xərclərə yol verildiyini deməyə əsas verib.

Baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin və digər aktivlərin daşınması və yerlərə çatdırılmasında istifadə olunan nəqliyyat vasitələri, eləcə də balansdakı kənd təsərrüfatı texnikaları hərəkətin izlənilməsinə imkan verən elektron sistemlə təmin edilməyib ki, bu da zəruri daxili nəzarətin təşkil edilməməsini səciyyələndirib. Bununla yanaşı, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin və müxtəlif diaqnostikumların ölkədaxili tələbatının fasiləsizliyi şəraitində həmin malların daxili istehsalının təşkil edilməsi üçün aidiyyəti təşəbbüslər irəli sürülməyib, biznes layihələrinin müsabiqələrinin formalaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilməyib.

Müvafiq nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi prosesində kifayətedici resurs bazası formalaşdırılmayıb, inzibatçılığın təkmilləşdirilməməsi və daxili nəzarət sisteminin lazımi səviyyədə təşkil edilməməsi dövlət rüsumları və utilizasiya haqqları qismində dövlət büdcəsinin 100 min manatlarla ifadə olunan real daxilolmalarının yayındırılmasına əlverişli şəraitin mövcudluğundan xəbər verib.

Uyğun namizədlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlərin lazımi səviyyədə həyata keçirilməməsi şəraitində baş mühasib ştatları 3 qurumda vakant qalıb. Bu da mühasibat uçotu subyektində uçotun formalaşdırılması və mühasibat uçotu sənədlərinin saxlanılması üzrə cavabdehlik məsələlərinin həll edilmədiyini deməyə əsas verib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək nöqsanların aradan qaldırılması istiqamətində dövlət rüsumu ilə bağlı dəqiqləşdirilmiş hesabatların təqdim edilməsini nəzərə alıb, dövlət sort-sınaq məntəqələri üzrə müvafiq məhsulların satışından nağd qaydada əldə olunan daxilolmaların, həmçinin əmək haqqı, ezamiyyə, yanacaq və ehtiyat hissələri üzrə artıq xərclərinin bərpası və s. tədbirlərin görülməsi barədə qərar qəbul edib. Eyni zamanda, aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınıb.

Chosen
29
14
azadmedia.az

10Sources