EN

NATO ittifaqına daxil olan dövlətlərin Rusiyanın hücumlarına cavabla əlaqədar yekdil qərarı yoxdur

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bild xəbər verir ki, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki Eurofighter təyyarəsi Rostokda Baltik dənizi üzərində beynəlxalq hava məkanında Rusiyanın İl-20M kəşfiyyat təyyarəsini aşkar edib. Təyyarə transponder - təyyarənin marşrutunu və xüsusiyyətlərini ötürən cihaz olmadan uçurmuş. Nəşrin qeyd etdiyi kimi, NATO ölkələri mütəmadi olaraq, Rusiya Hərbi Hava Qüvvələrinin bu regionda belə bəyan olunmamış uçuşları aşkarlayır. Bu arada Estoniya BMT-yə üzv olduğu 34 il ərzində ilk dəfə olaraq Rusiyanın hava məkanını pozması ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son zamanlar Rusiyaya məxsus PUA-lar insansız uçuş aparatları, təyyarələr NATO ittifaqına daxil olan dövlətlərin Şərq bölgəsini, Polşa, Baltıkyanı ölkələr, Estoniyanın hava məkanını pozurlar və bu pozuntular artıq mütəmadi xarakter daşıyır.

Politoloq qeyd edib ki, Rusiya tərəfi bəzən bu halların Rusiya tərəfindən olmasını boynuna alır, bəzən isə boyun qaçırır: “Hətta Polşaya düşmüş PUA-ların, dronların Rusiyaya məxsus olmaması haqqında bəyanatlar verirlər, digər tərəfdən də hərbi müttəfiqi olan Belarusiya Rusiyanın ərazisindən gələn bu dronların vurulması haqqında rəsmi məlumatlar yayır. Bu faktlar bir-birini tamamlayır.

Son zamanlar Rusiyanın kəşfiyyat təyyarələri NATO ittifaqına daxil olan dövlətlərin sərhədlərini hava məkanını pozur. NATO ittifaqının rəsmilərinin və hava məkanı pozulan dövlətlərin siyasi rəsmilərinin verdiyi məlumata görə, Rusiya elə bil NATO-nun sərhədlərini yoxlayır. Yəni hava məkanını pozmaqla yoxlayır ki, görək bu NATO dövlətləri nə qədər döyüşlərə hazırdır. Bununla əlaqədar bildiyiniz kimi artıq NATO ittifaqında müəyyən bir qərar qəbul edilir. Polşa məsələ ilə bağlı 40 minə yaxın əsgərini Belarusiya sərhədinə yığıb. Digər tərəfdən də Almaniya Polşaya hava hücumunun müdafiəsi ilə əlaqədar hərbi sistemlər göndərir”.

Yusif Bağırzadə bildirib ki, Rusiyanın hücumlarına reaksiya ilə əlaqədar NATO ittifaqına daxil olan dövlətlərin yekdil qərarı yoxdur.

“NATO rəsmilərindən biri deyib ki, Rusiya Türkiyənin hava məkanını pozanda, Türkiyə ona layiqli cavab verdi və bu hal bir daha Rusiya tərəfindən təkrar olmadı. Bildiyiniz kimi Türkiyə hava qüvvələri tərəfindən Rusiyaya məxsus hərbi təyyarə vurulmuşdu. Ona görə də, Rusiyanın bu hərəkəti həm NATO-ya daxil olan ölkələrə bir təhdid kimi dəyərləndirilə bilər. Yəni onlara bir mesajdır ki, siz Rusiya-Ukrayna müharibəsinə müdaxilə etməyin və Ukraynaya kömək etməyin. Həm də NATO hava məkanının yoxlanılması kimi dəyərləndirilə bilər”-deyən Yusif Bağırzadə hesab edir ki, bu hadisələr yaxınlarda kifayət qədər gərgin bir məcraya daxil olacaq və NATO-ya daxil olan dövlətlərlə Rusiya arasında gərginlik yaşanacaq.

“Artıq payız qış aylarına qədəm qoyuruq. Rusiya ordusunun Ukrayna daxilində istila ilə hərəkətləri kifayət qədər passiv və ləng olacaq”-deyən politoloqun fikrincə, bu gün bu dövlətlər məsələ ilə bağlı ABŞ-ın mövqeyini gözləyirlər və ABŞ da bununla bağlı konkret bir qərar vermir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
bizimyol.info

1Sources