EN

Britaniyada “Facebook” və “Instagram” üçün reklamsız abunə xidməti istifadəyə veriləcək

London, 26 sentyabr, AZƏRTAC

“Meta” şirkəti Böyük Britaniyada “Facebook” və “Instagram” istifadəçilərinə reklamsız abunə xidməti təklif edəcək.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, yeni xidmət yaxın həftələrdə istifadəyə veriləcək.

Abunə haqqı veb versiyada ayda 2,99 funt-sterlinq, smartfon vasitəsilə qoşulanda isə 3,99 funt-sterlinq olacaq.

İstifadəçilər ya proqramlardan pulsuz istifadəni davam etdirib reklamları izləmək, ya da ödənişli abunə ilə reklamlardan azad olmaq barədə seçim edə biləcəklər. “Meta” bildirib ki, ödənişli abunəyə qoşulanların şəxsi məlumatları reklam məqsədləri üçün istifadə olunmayacaq. Şirkət bütün 18 yaşdan yuxarı britaniyalı istifadəçilərə bu seçim barədə bildiriş göndərəcəyini açıqlayıb.

Yeni ödənişli xidmət “Meta”nın onlayn məxfiliklə bağlı illərlə davam edən məhkəmə çəkişmələrindən sonra istifadəyə verilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
45
3
azertag.az

4Sources