EN

Sumqayıtda Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş tamaşanın premyerası olub

Sumqayıt Dövlət Dram Teatrında Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş "Ölməz" tamaşasının premyerası olub.

"Report"un yerli bürosu xəbər verir ki, səhnə əsəri "Heç nə unudulmur, heç nə yaddan çıxmır" layihəsi çərçivəsində hazırlanıb.

Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramının quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edib.

Səhnə əsərində Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı geniş işıqlandırılıb. Tamaşada qəhrəman döyüşçünün altı silahdaşını itirdikdən sonra beş gün ərzində təkbaşına Alban kilsəsində mühasirəyə müqavimət göstərməsi, ermənilərin bütün təzyiqlərinə rəğmən təslim olmaması təsvir edilib.

Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün təslim olmağa razılaşsa da, Natiq Qasımov son anına qədər Azərbaycan bayrağını düşmənə təslim etməyib, əsirlikdə məruz qaldığı işgəncələr nəticəsində şəhid olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

Chosen
13
2
qaziler.az

3Sources