EN

Artıq maaşlar, nasaz avadanlıqlar - Dövlət qurumunda nöqsanlar aşkarlandı

Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyində və tabeli qurumlarında dövlət vəsaitindən və digər dövlət əmlakından istifadə, onların idarə edilməsinə dair uyğunluq auditi aparıb.

Paralel.az Palataya istinadən xəbər verir ki, auditin əhatə etdiyi illərdə büdcə və qeyri-büdcə vəsaiti hesabına 62,6 milyon manat vəsait xərc edilib.

Agentlik tərəfindən müvafiq illərdə büdcə və büdcədənkənar xərclərin proqnozlaşdırılması düzgün aparılmamış, 2023-cü ərzində isə bir neçə halda ödənişlərin təyinatı dəyişdirilərək xərc edilmişdir.

Audit obyekti tərəfindən 2023 və 2024-cü illər ərzində bir sıra hallarda işçilərə artıq əməkhaqqı hesablanaraq ödənilmişdir. İki il ərzində artıq hesablanaraq ödənilən vəsait audit dövrü ərzində büdcəyə bərpa edilmişdir.

Audit zamanı Agentliyin balansında olan nasos stansiyalarına quraşdırılan bir sıra avadanlıqların Forma 2 sənədlərində göstərilən yerlərdə deyil, faktiki olaraq digər nasos stansiyalara quraşdırıldığı, həmçinin Agentliyin və tabe təşkilatların əsas vəsaitlərinin bir hissəsinin yararsız halda olduğu, 37 ədəd subartezian nasosunun quyulara quraşdırıldıqdan sonra balansdan silindiyi müəyyən edilmiş və həmin nasosların balansda qeydə alınması təmin edilmişdir.

Agentliyin tabeliyindəki içməli su anbarlarına və təmizləyici qurğularına baxış zamanı bəzi hallarda ümumi çıxış sayğaclarının nasaz olduğu, bəzi hallarda isə sayğacların ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Ümumilikdə, 1066288.0 m3 içməli suyun Agentliyin məlumatlarında qeydiyyatının olmadığı müəyyən edilmişdir.

Audit obyektinin balansında olan su tutarlarında quraşdırılmış 3 ədəd Su Elektrik Stansiyasına elektrik enerjisi almaq üçün su verilmiş, lakin verilmiş suyun həcminin ölçülmədiyi, elektrik enerjisinin istehsalı ilə bağlı buraxılmış suyun dəyərinin aidiyyəti dövlət qurumu tərəfindən ödənilmədiyi müəyyən edilmişdir.

Agentlik tərəfindən Muxtar Respublika ərazisində əkin altında olan torpaqlara suvarma suyunun verilişi icra edilmiş, lakin suvarma suyunun toplanması üçün suvarma şəbəkələrindən götürülən və istifadəçilərinə verilən suyun uçotunun aparılması üçün ölçü cihazlarının, ölçü-nəzarət sisteminin olmaması müəyyən edilmişdir.

Muxtar Respublikada içməli su şəbəkəsinə sayğac quraşdırılmış və su satışı həyata keçirilmişdir. Audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilmişdir.

Audit qrupu tərəfindən suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablamalar həyata keçirilmişdir. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1.7 dəfə çox, 2024-cü ildə 1.4 dəfə çox olmuşdur.

Audit obyektinin ərazisində açıq havada yararsız vəziyyətdə olan 87 adda 115 ədəd böyük çəkili və əlvan metal tərkibli texnika və avadanlıqların olduğu və həmin əsas vəsaitlərin artıq istismar müddətini başa vurduğu müəyyən edilmiş, həmin texnika və avadanlıqların audit dövründə utilizasiyasının həyata keçirilməsinə nail olunmuş və utilizasiyadan əldə olunan vəsait büdcəyə ödənilmişdir.

Agentlik tərəfindən balansında olan iri su tutarları və hövzələri istisna olmaqla qalan digər meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması həyata keçirilməmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Təmir-Tikinti İdarəsi ilə təchizadçı arasında Qaraçuq 1 nasos stansiyasının ərazisində Araz su anbarından qidalanan yeni nasos stansiyasının tikintisi üçün avadanlıq və mal-materialların alışı məqsədilə 6437962.29 manat məbləğində bağlanmış 16.06.2022-ci il tarixli müqaviləyə əsasən alınmış avadanlıq və malların mövcudluğuna baxış keçirilən zaman İdarə tərəfindən bu avadanlıq və malların əksər hissəsinin adları, texniki göstəriciləri, sayı və s. barədə birbaşa sifarişçi olmaması səbəbindən məlumatsız olduqları müəyyən edilmişdir. Həmçinin yuxarıda qeyd olunan avadanlıq və mal-materialların alışı üzrə müqavilənin şərtinə əsasən təchiz edilmiş avadanlıq və malların istehsalçı və təchizatçı tərəfindən mövcud olan nasazlıqlar, çatışmazlıqlar, fiziki qüsurlar və s. aradan qaldırılması üçün tanınan müddət bitmişdir.

Agentlik tərəfindən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilməmiş, ilkin satınalma planı hazırlanaraq təsdiq edilməmiş, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməmiş, 2023-cü ildə 7 halda 132615.0 manat dəyərində satınalmalar həyata keçirilərkən razılıq alınmadan birbaşa müqavilə bağlanılmış, bəzi hallarda satınalmalar hissələrə bölünərək satınalmalar həyata keçirilmişdir. Ehtimal olunan qiymətlərin müəyyən edilməməsi və ya düzgün müəyyən olunmaması, habelə müqavilələrin icrası üzrə nəzarət mexanizmlərinin təkmil olmaması dövlət vəsaitinin artıq istifadəsinə yol açmışdır. 2024-cü ildə tikinti materiallarının satınalınması üçün 257000.57 manat dəyərində açıq tenderin keçirilməsinə dair müqavilə bağlanılmış, vəsaitin ödənişi tam həyata keçirilmiş, lakin 7 adda 41987.31 manat dəyərində avadanlıq göndərilməmiş və ya yararsız olduğu üçün geri qaytarılmışdır. Audit dövründə həmin avadanlıqlar təchizatçıdan tələb olunaraq bərpa olunmuşdur.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Agentlik tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində əməyin ödənişi, yanacaq üzrə artıq xərclərin, həmçinin xüsusi texnikaların icarəyə verilməsi üzrə ödənilməyən vəsaitin, habelə texnika və avadanlıqların utilizasiyasının həyata keçirilməsi nəticəsində yaranan vəsaitin müvafiq qaydada bərpasını, avadanlıqların və ehtiyatların müvafiq qaydada təhvil verildiyini, xərcə silinən əsaslı xərclərin kapitallaşdırılaraq balansda əks etdirildiyini nəzərə almış, yerinə yetirilən işlərin düzgün rəsmiləşdirilməsi, aktivlərin müvafiq hesabatlarda düzgün tanınması və s. tədbirlərin görülməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda, aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınmışdır.

Chosen
29
10
paralel.az

10Sources