EN

İqtisadi inkişafın və sosial firavanlığın təməl daşı

Azərbaycan dövləti özəl sektorun inkişafına geniş dəstək göstərir

Bu gün Azərbaycanda azad sahibkarlığın inkişafı üçün dövlət tərəfindən lazımi şərait yaradılmaqdadır. Xüsusilə ölkədə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur.

Sahibkarlara dövlət qayğısı cari ilin ötən dövründə də davam edib. Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ölkədə 6 min 255 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib. Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin 7 ayında aqrar sektorda fəaliyyət göstərən sahibkarlar tərəfindən edilən 3 min 457 müraciət üzrə 66,6 milyon manat məbləğində kredit verilib. Ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə kredit alanların sayı 37,1 faiz, kreditin məbləği isə 43,5 faiz artıb.

Hesabat dövründə texnika və avadanlıqların alınmasına 50,2 milyon manat kredit verilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 36 faiz çoxdur. Qalan məbləğin 6,1 milyon manatı güzəştli kreditlərin, 10,3 milyon manatı isə mikrokreditlərin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 dəfə çoxdur. Bundan başqa , Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi üzrə sığorta ödənişləri də davam edir. Xatırladaq ki, hazırda aqrar sığorta vasitəsilə 41 bitki üzrə məhsul və əkin sahələrini sığortalamaq mümkündür. Sığortalanan sahələrdən biri də üzüm bağlarıdır. Aqrar Sığorta Fondu (AİF) indiyədək sığortalanmış üzüm sahələrinə dəyən zərərlər üzrə fermer və təsərrüfatlara 168 min 182 manat ödəniş edib.

Qeyd edək ki, üzüm aqrar sığortanın leysan riskinə təminat verdiyi 3 məhsuldan biridir. Bu riskdən təminat verilən digər iki bitki pambıq və gilas əkinləridir. Dolu nəticəsində yaranan keyfiyyət itkisi – dolu yağması nəticəsində məhsulun əmtəə görünüşünün korlanması və satış qiymətinin aşağı düşməsi deməkdir. Təsərrüfat bu riskdən sığortalıdırsa, qiymətin enməsi nəticəsində fermerə dəyən zərəri AİF qarşılayır. Əkin sahələri, meyvə bağları, o cümlədən üzüm bağlarının sığortası zamanı sığorta haqqına 50 faizi dövlət dəstəyi mövcuddur. Bu, o deməkdir ki, sığorta haqqının tən yarısını fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermer cüzi məbləğ ödəməklə əkin sahələrini və məhsulunu sığorta edə bilir. Məsələn, 1000 manatlıq üzüm məhsulunu sığorta etmək fermerə Cəlilabad, Salyan, Neftçala rayonlarında cəmi 10 manata, Tovuz, Şəmkir və Qazaxda 32 manata, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında isə cəmi 15,7 manata başa gəlir.

Dövlətin sahibkarlara digər önəmli dəstəyi isə onlara bazarlar tapmaqdır. Belə  ki, hazırda regionlarda istehsal və təchizat fəaliyyəti ilə məşğul olanların qarşısında duran əsas problem istehsal etdiyi məhsula bazar tapmaq, onun xarab olmadan satışını təmin etməkdir. Bu mənada, indi dövlət satınalmaları geniş miqyasda fəaliyyət göstərməklə sahibkarların bazarlara çıxışını asanlaşdırır.

Bəs bu imkanlardan kütləvi və səmərəli istifadə üçün hansı şərtlər yerinə yetirilməlidir? 2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minən «Dövlət satınalmaları haqqında» Qanunun məqsədi satınalmaların şəffaf, ədalətli və rəqabətə açıq şəkildə aparılmasının təmin edilməsidir. Qanunun hazırlanması və qəbul prosesi nəticəsində mikro, kiçik və orta sahibkarlığın dövlət sifarişlərinə çıxış imkanları hüquqi əsasla genişləndirilir. Bu dəyişiklik dövlət vəsaitlərinin səmərəli istifadəsi prinsiplərinə yönəlik addım hesab olunur. Həmçinin azad sahibkarlığın inkişafını təmin etmək məqsədilə ölkədə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 36-ya endirilib. Bununla yanaşı, lisenziyaların verilməsi müddəti 15 iş günündən 10 iş gününə endirilib, dövlət rüsumunun məbləği 2 dəfə, icazələrin sayı isə 4 dəfə aşağı salınıb.

Son illərdə Azərbaycanda sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri də əsassız yoxlamaların qadağan edilməsidir. Bu cür müdaxilələrin qarşısının alınması üçün bir sıra hallar istisna olunmaqla yoxlamalar 2015-ci ildən 2026-ci il yanvarın 1-nə qədər dayandırılıb. Bundan əlavə, Vergi Məcəlləsi və «Gömrük tarifi haqqında» Qanunda müəyyən olunmuş güzəştləri əldə etməyə əsas verən investisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilirlər.

İşğaldan azad edilmiş ərazilərdə iş qurmaq istəyən, qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün bu il fevralın 1-dən zəmanət və subsidiya mexanizmi tətbiq edilir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən icra olunan bu mexanizm azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək verəcək. Bu mexanizmə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir.

Göründüyü kimi, zəngin sahibkarlıq subyektlərinin formalaşdırılması iqtisadi inkişafının təməl prinsiplərindən biri hesab olunur. Çünki zəngin sahibkar güclü iqtisadiyyat, çoxsaylı iş yeri, ərzaq bolluğu, bir sözlə, firavan həyat deməkdir. Həm də sahibkar təkcə öz malının, mülkünün deyil, həm də Vətəninin sahibi olanda qüdrətli ölkənin vətəndaşına çevrilir.

Elçin Zaman, «İki sahil»

Chosen
8
ikisahil.az

1Sources