EN

Gürcüstanda azərbaycanlılara qarşı ard-arda təxribatlar - Rusiya izi?

Soydaşlarımıza qarşı gürcü dilində danışmaq tələbi ilə ksenofobik hücumlar artır; Tiflis susur, Bakıdan sərt etirazlar 

Gürcüstanın paytaxtı Tiflisin mərkəzində ksenofobik insident baş verib. Musavat.com xəbər verir ki, paytaxtda yerləşən şaurma dükanında silahlı şəxs Bolnisi rayonundan olan azərbaycanlıya hücum edərək ondan gürcü dilində danışmağı tələb edib.

Məlumata görə, həmin şəxs azərbaycanlını ölkədən qovmaqla da hədələyib. Hadisənin görüntülərini Tiflisdə yaşayan Azərbaycan kökənli ictimai fəal, hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkədə yayıb. Kadrlarda təxribatçı şəxsin zərərçəkənə belə dediyi aydın eşidilir: “Niyə mənimlə gürcü dilində danışa bilmirsən? Səni bu ölkədən qovacağam, vətəninə qayıt”.  

Görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub. 

Qeyd edək ki, bu, son günlər Gürcüstanda qeydə alınan etnik dözümsüzlük hallarından biridir. Belə ki, bir müddət öncə Gürcüstanın Marneuli (Sarvan) şəhərində azərbaycanlı azyaşlıya qarşı xoşagəlməz hadisə baş verib. Meriya əməkdaşı Tornike Mtvarelidze və Marneuli sakrebulo (bələdiyyə şurası) sədr müavininin 27 yaşlı oğlu Mamuka Gigani yeniyetməni şirniyyat mağazasından qovaraq ona “öz ölkənə qayıt” deyiblər. Hazırda hər iki fakt üzrə hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir. 

Bütün bunlarla əlaqədar Bütöv Azərbaycan Ocaqları bəyanatla çıxış edib:

“Gürcüstanın son illər ən ağır dönəmlərində orada yaşayan Azərbaycan türkləri heç vaxt separat proseslərdə iştirak etmədilər. Gürcüstanın ərazi bütövlüyü uğrunda əllərindən gələni etdilər. Çox təəssüflər olsun ki, inteqrasiyanın və həmrəyliyin tərəfdarı olan Azərbaycan Türklərinə qarşı gürcü qardaşlarımızın bu tip yuxarıdan aşağıya baxaraq aqresiv hərəkətləri bizdə narazılıq və narahatçılıq doğurur. Ümid edirik ki, Gürcüstanın siyasi hakimiyyət dairələri millətlərarası münasibətlərdə gərginlik yaradan bu seperatçı qüvvələrin qarşısını alacaqdır.
 

Biz Gürcüstanda yaşayan Azərbaycan Türklərinin gürcü dilini öyrənmələrinin əleyhinə deyilik. Əksinə, keyfiyyətli tədris olunmadığı üçün onların gürcü dilini zəif öyrənməsinin səbəbi Gürcüstan hakimiyyətidir. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Gürcüstan hüquq-mühafizə orqanlarının bu məsələdə prinsipial və qəti mövqe nümayiş etdirəcəklərin, millətlərarası münasibətlərdə gərginlik yaradacaq hərəkətlərin qarşısını alacaqlarını gözləyirik. İctimai fəal Samirə Bayramovaya prinsipial mövqeyinə görə təşəkkür edir, ona mənəvi dəstəyimizi ifadə edirik". 

Gürcüstanda ard arda azərbaycanlılara qarşı bu təxribatların siyasi səbəbləri nə ola bilər? Bu etnik dözümsüzlün qabarmasında Rusiya izi görünürmü? Gürcü iqtidarı niyə məsələyə qarışmır və ya bu addımlar Bakı ilə Tiflis arasında əlaqələri poza bilərmi? 

“Son günlər Gürcüstanda azərbaycanlılara qarşı baş verən hadisələr ciddi narahatlıq doğurur və bunları yalnız məişət zəminində təsadüfi insidentlər kimi dəyərləndirmək olmaz”. 

Vüqar

 Vüqar İskəndərov 

Bunu “Yeni Müsavat”a Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib. 

Onun sözlərinə görə, əvvəla, Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir: “Enerji, nəqliyyat və iqtisadi layihələr bizi sıx bağlayır. Belə bir əməkdaşlığı pozmaq istəyən qüvvələrin etnik münasibətləri alətə çevirməsi ehtimalı yüksəkdir. Ona görə, bu insidentlərin arxasında siyasi motivlərin dayanması mümkündür. İkincisi, Rusiya faktorunu nəzərə almaq vacibdir. Moskva uzun illərdir Cənubi Qafqazda etnik və dini gərginliklərdən istifadə edərək bölgədə təsir imkanlarını gücləndirməyə çalışır. Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşması və Azərbaycanla birgə həyata keçirilən böyük enerji layihələri Kremlin maraqlarına uyğun deyil. Ona görə də etnik zəmində gərginlik yaratmaqla həm Gürcüstanı, həm də Azərbaycan-Gürcüstan münasibətlərini hədəfə almaq ssenaridən kənar deyil”. 

Deputat deyib ki, burada üçüncü məqam kimi Gürcüstan hakimiyyətinin passivliyi diqqət çəkir: “Hüquq-mühafizə orqanları araşdırma apardığını desə də, təəssüflər olsun ki, siyasi dairələrdən prinsipial və qəti mövqe ifadə olunmayıb. Bu isə radikal qrupların daha da cəsarətlənməsinə yol aça bilər. O ki qaldı bu hadisələrin Bakı-Tiflis münasibətlərinə təsiri məsələsinə, hesab edirəm ki, Azərbaycanla Gürcüstan arasında qardaşlıq və strateji tərəfdaşlıq kifayət qədər möhkəmdir və kənar qüvvələrin təxribatı ilə zədələnməyəcək. Amma rəsmi Tbilisi adekvat reaksiya göstərməzsə, ictimai etimadda müəyyən soyuqluq yaranması da mümkündür”. 

“Ümumiyyətlə, Azərbaycan hər zaman Gürcüstanla dostluq siyasətinə sadiqdir. Biz inanırıq ki, Gürcüstan hakimiyyəti millətlərarası münasibətlərdə gərginlik yaratmaq istəyən qüvvələrin qarşısını alacaq, soydaşlarımızın təhlükəsizliyini təmin edəcək”, - deyə deputat sonda bildirib. 

Natiq

Natiq Cəfərli 

Əslən Gürcüstandan olan REAL Partiyasının sədri Natiq Cəfərli isə qeyd etdi ki, bu olaylar davamlı olarsa, Azərbaycan tərəfinin qarşı tərəfdən birbaşa bu məsələlərin araşdırılması tələbi olacaq:

“Gürcüstanda yaşayan soydaşlarımızla bağlı belə məişət insidentlərinin baş verməsi, təbii ki, çox üzücüdür. Amma bu, düşünmürəm ki, Gürcüstan dövlətinin və hökumətinin hansısa bir siyasətidir. Əksinə, Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq günü-gündən yüksələn xətlə inkişaf edir. Burada müxtəlif təxribatçı qrupların olması ehtimalı heç də az deyil. Yaxşı olardı ki, bu faktlarla bağlı Azərbaycanın xarici işlər naziri gürcüstanlı həmkarı ilə əlaqə yaradıb danışsın və Gürcüstanın hüquq-mühafizə orqanlarının bu məsələni araşdırmasını xahiş etsin. Ümid edirəm ki, bu provokasiyaların kökü araşdırılacaq. Əgər bu davamlı şəkildə baş verəcəksə, o zaman təbii ki, Azərbaycan Gürcüstanın hüquq-mühafizə orqanlarından bu məsələni araşdırmağı tələb edəcək”.
 

Cavanşir ABBASLI, 
“Yeni Müsavat” 

Chosen
12
musavat.com

1Sources