Yeni araşdırmalar göstərib ki, gündə kifayət qədər su içməmək bədəndə stres hormonunun səviyyəsini yüksəldir və orqanizmi gərginliyə qarşı daha həssas edir.
E-saglam.az xəbər verir ki, Liverpool John Moores Universitetinin alimləri tərəfindən aparılan və American Journal of Physiology-Endocrinology and Metabolism (AJPEM) jurnalında dərc edilən tədqiqatın nəticələrinə görə, susuzluq (dehidrasiya) endokrin sistemin fəaliyyətinə birbaşa təsir göstərir.
Araşdırmada 62 sağlam könüllü – kişi və qadın – iştirak edib. Onlar gündəlik su qəbuluna görə iki qrupa bölünüb:
Aşağı səviyyəli maye qəbulu: gündə təxminən 1,3 litr su
Yüksək səviyyəli maye qəbulu: gündə təxminən 4 litr su
İştirakçılar Trier Sosial Stress Testi (TSST) adlı xüsusi sınaqdan keçiblər.
Nəticələr göstərib ki, az su içən qrupda əsas stres hormonu olan kortizolun səviyyəsi testdən sonra xeyli yüksəlib.
Əksinə, yaxşı nəmləndirilmiş qrupda hormonal reaksiya daha zəif olub.
Alimlərin fikrincə, hətta yüngül susuzluq (məsələn, tünd rəngli sidiklə özünü göstərən vəziyyət) belə:
stresə qarşı dözümlülüyü azaldır,
endokrin sistemə mənfi təsir edir,
və uzunmüddətli sağlamlıq risklərini artırır.
Gündə nə qədər su içmək lazımdır?
Tədqiqat müəllifləri bildirirlər ki, gündəlik orta su qəbulu:
kişilər üçün – təxminən 2,5 litr,
qadınlar üçün – təxminən 2 litr olmalıdır.Bu miqdara qidaların tərkibindəki su da daxildir.
Qeyd edək ki, su çatışmazlığı yalnız susuzluq deyil, həm də stres hormonlarının artması, psixoloji gərginlik və ümumi sağlamlıq üçün risk deməkdir. Gün ərzində müntəzəm olaraq su içmək, orqanizmi həm fiziki, həm də emosional cəhətdən balansda saxlayır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az