EN

TRIPP Ermənistanın dalandan çıxmaq şansıdır

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının tribunasından bu gerçəyi dünyaya bəyan etdi

Tarix bəzən bir anda dəyişir. İllərlə bitməyən münaqişələr, əsrlərlə davam edən ziddiyyətlər bir imza ilə çözülür. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı məhz zamanın hökmü və şəxsiyyət qətiyyəti sayəsində yaranan reallığın dünyaya bəyan edilməsi ilə yadda qalacaq.

Avqustun 8-də Vaşinqtonda keçirilən görüş də bunlardan biri oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Sənəd uzun illər davam edən münaqişənin siyasi, hüquqi və psixoloji müstəvidə sonlanmasının simvolu idi. Birgə Bəyannamədə yer alan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması tərəflərin siyasi öhdəlik götürdüyünü göstərdi. 1969-cu il Vyana Konvensiyasına görə paraflama o anlama gəlir ki, müqavilənin obyekti və məqsədi artıq qəbul olunub, dəyişdirilməsi yalnız qarşılıqlı razılıqla mümkündür. Ratifikasiya mərhələsi isə sənədin daxili hüquqi prosedurlar vasitəsilə qüvvəyə minməsi və tam hüquqi rejiminə keçidi deməkdir. Bəyannamədə diqqətçəkən məqamlardan biri Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqənin yaradılmasıdır. Dövlət başçımızın çıxışında vurğuladığı kimi, bu, Azərbaycanın tranzit suverenliyinin tanınması anlamına gəlir, eyni zamanda, Ermənistanın beynəlxalq ticarət şəbəkəsinə çıxışını təmin edir və regionu yeni iqtisadi inteqrasiyalara hazırlayır. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluq, ÜTT prinsiplərinə inteqrasiya və ABŞ-ın siyasi zəmanəti altında regional iqtisadi əməkdaşlıq üçün hüquqi əsas yaradır.

İlham Əliyevin Baş Assambleyanın sessiyasında çıxışı zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: “Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP)”. Bəli, illər boyu kəsilmiş əlaqələrin yenidən qurulması tarixi ədalətin təntənəsidir. TRIPP dəhlizi ölkəmizi Mərkəzi Asiyadan Avropaya, Şimaldan Cənuba uzanan beynəlxalq yolların əvəzsiz mərkəzinə çevirir. Rəsmi İrəvanın da layihədən kifayət qədər faydalanmaq imkanı var. Hətta Ermənistan üçün Zəngəzur dəhlizi (TRIPP) yeni iqtisadi nəfəs qazanmaq anlamına gəlir desək, yanılmarıq. Məhz TRIPP rəsmi İrəvanı beynəlxalq ticarət şəbəkəsinə bağlaya, inkişaf yoluna apara bilər. Bu isə siyasi iradə və tarixi fürsəti dəyərləndirmək bacarığı ilə mümkündür. Daha geniş miqyasda isə Zəngəzur dəhlizi (TRIPP) Cənubi Qafqazın geoiqtisadi xəritəsinin gələcəyini müəyyənləşdirəcək. Azərbaycan bu gün bütöv regionu birləşdirən strateji mərkəz rolunu oynayır. Zəngəzur dəhlizinin (TRIPP) işə salınması ilə ölkəmizin tranzit imkanları daha da genişlənəcək. Marşrut həm də regional əməkdaşlıq üçün yeni imkanlar açacaq. Respublikamızın ərazisindən keçən yüklər dəniz limanları vasitəsilə beynəlxalq bazarlara çıxacaq, bu isə siyasi-iqtisadi mənada ölkəmizin rolunu möhkəmləndirəcək. Yeri gəlmişkən, TRIPP layihəsinə sadəcə logistika nöqteyi-nəzərindən baxmaq yanlışdır. Çünki bu marşrutlar yeni münasibətlərin, qarşılıqlı etimadın və regional sabitliyin təməl daşıdır. Azərbaycan da məhz bu yanaşmanı rəhbər tutur.

Azərbaycan liderinin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı toxunduğu digər vacib məqam 907-ci düzəlişin dayandırılmasının əhəmiyyətini vurğulaması idi: “Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi”.

Şübhəsiz ki, ABŞ Konqresinin 1992-ci il avqustun 6-da qəbul etdiyi “Azadlığı Müdafiə Aktı”na əlavə etdiyi 907-ci düzəlişin ləğvi Azərbaycan diplomatiyasının uğurlarından biri kimi tarixə düşüb. Düzəliş, əslində, müstəqilliyini yeni bərpa etmiş, siyasi və iqtisadi təlatümlərlə üz-üzə qalmış ölkəmizə qarşı böyük ədalətsizlik idi. 1992-ci ilin ağır və qaranlıq günlərini xatırlayaq... Azərbaycan bir tərəfdən Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarını itirir, yüz minlərlə insan evindən didərgin düşür, digər tərəfdən isə SSRİ-nin dağılması ilə bütün iqtisadi bağlar qırılır, sosial həyat iflic vəziyyətinə düşüb. Bu cür gərgin zamanda beynəlxalq institutların dəstəyinə ən çox ehtiyac duyan Azərbaycan ABŞ Konqresinin ədalətsizliyi ilə üzləşir. Ermənistan bu illər ərzində ABŞ-dan milyardlarla dollar yardım alaraq həm iqtisadi güc topladı, həm də beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə çalışdı. Halbuki Azərbaycanın şəhərləri yerlə-yeksan edilir, kəndləri viran qalır, qaçqın və məcburi köçkünlər çadırlarda yaşamağa məhkum edilirdi. Elə məsələnin ironiyası da bunda idi. Ona görə də Tramp administrasiyasının 907-ci düzəlişi qüvvədən salması keçmiş ədalətsizliyin aradan qaldırılmasından əlavə, Azərbaycan–ABŞ strateji tərəfdaşlığının yeni mərhələyə yüksəlməsinə verilən töhfədir. Bu addım iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə, qarşılıqlı maraqların qorunmasına və regional sabitliyin möhkəmlənməsinə əhəmiyyətli stimul verir. Vaşinqton görüşündən yaranmış yeni imkanlar, Bakı–Vaşinqton əlaqələrinin qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulduğunun təsdiqidir.

Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı təkcə Azərbaycanın mövqelərinin beynəlxalq auditoriyaya təqdimatı deyil, həm də son dövrlərdə regionda formalaşmış yeni geosiyasi reallıqların təsdiqi idi. Dövlət başçısı beynəlxalq tribunadan həm Vaşinqtonda əldə olunan razılaşmalar, həm də TRIPP dəhlizi və 907-ci düzəlişin icrasının dayandırılması barədə verdiyi mesajlarla ölkəmizin diplomatik üstünlüyünü bir daha nümayiş etdirdi. Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi qiymətləndirilməlidir. Bu razılaşmaların mahiyyəti ondan ibarətdir ki, artıq Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması prosesi Azərbaycanın diktə etdiyi şərtlər əsasında irəliləyir. Ölkə başçısının çıxışında diqqətçəkən mühüm məqam Zəngəzur dəhlizi – TRIPP marşrutu ilə bağlı idi. Bu nəqliyyat marşrutu Azərbaycanın təşəbbüsü ilə formalaşan və Avrasiya məkanını birləşdirən strateji layihədir. TRIPP marşrutu təkcə region ölkələri üçün deyil, həm də Avropa və Asiya arasında yükdaşımaların sürətli və etibarlı təmin olunması baxımından qlobal əhəmiyyət daşıyır.

907-ci düzəlişin icrasının dayandırılması barədə Prezident İlham Əliyevin vurğuladığı məqam isə Azərbaycanın ABŞ siyasətində əldə etdiyi qəti diplomatik uğurun ifadəsidir. Uzun illər ərzində bu ədalətsiz düzəliş Azərbaycanın maraqlarına zidd məhdudiyyətlər yaratmış, ABŞ-la münasibətlərdə gərginlik mənbəyi olmuşdur. Lakin reallıqlar, Azərbaycanın regionda yaratdığı yeni siyasi və hərbi vəziyyət Vaşinqtonu bu düzəlişin icrasını dayandırmağa məcbur etdi. Prezident İlham Əliyev bu faktı BMT tribunasından diqqətə çatdırmaqla göstərdi ki, Azərbaycan artıq beynəlxalq münasibətlərdə mövqelərini qəbul etdirən, siyasi gücü ilə yeni reallıqlar formalaşdıran dövlətdir. Bu, həm də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və regional sabitlikdəki rolunu açıq şəkildə tanımasının göstəricisidir.

Nəzrin ELDARQIZI
XQ

Chosen
20
1
xalqqazeti.az

2Sources