EN

Bakıda belə taksi sürücüləri də var – DİQQƏTLİ OLUN!

Bu gün taksi xidmətlərindən istifadə edənlər arasında ən çox müqayisə olunan məsələ komfort və ekonom kateqoriyalarıdır. Təcrübələr göstərir ki, komfort seçən sərnişinlər, adətən, daha rahat, təhlükəsiz və mədəni xidmətlə qarşılaşır. Ekonomda isə çox vaxt səliqəsizlik, sərt davranış və diqqətsizlik narazılıq doğurur.

Belə olan halda ortaya sual çıxır: niyə komfort kateqoriyasında xidmət gözləntiləri qarşılayır, amma ekonomda əksinə, əksər hallarda məyusedici mənzərə yaranır?

NOCOMMENT.az bildirir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövcud vəziyyəti “Yeni Sabah”a belə şərh edib:

Əslində, o taksi sürücülərinin hər biri təlimlərdən keçir, sertifikat alır və onların hər birinin narkoloji dispanserdən yoxlama sənədi, sağlamlıq arayışı var, taksi buraxılış vərəqəsi, taksi buraxılış kartı alır, vergi ödəyir, sosial ödənişləri edir və s. Yəni yanaşma hər birinə eynidir. Qanunun yanaşması bütün sürücülər üçün bərabərdir. Ancaq burada artıq dünya görüşü, dünyaya baxışı və ətraf mühitə münasibəti öz sözünü deyir. Bəli, elə sürücülər var ki, oturursan, başlayırlar boş-boş danışmağa, mənasız suallar verməyə, siqaret çəkməyə, şiddətli musiqiyə qulaq asmağa. Amma elə sürücülər də var ki, maşına oturanda mədəni şəkildə salamlaşır, musiqinin səsini artırmaq istəyəndə icazə alır, soruşur: “Bu sizi narahat etmir ki?” Bax, belə məqamlarda görürsən ki, məsələ daxili mədəniyyətlə bağlıdır. Çünki hər evdən çıxan insan eyni düşüncədə ola bilməz”.

Ekspert qeyd edib ki, məsuliyyətsizlik edənlər bu peşəyə ötəri baxanlardır:

“Ona görə də bu, nə komfortda, nə də digərində olmaq məsələsi deyil. Hər kateqoriyada müxtəlif tip insanlar var. Komfort sürücülərinin də arasında düşüncəsiz olan tapılır, ekonom sürücülərinin də. Amma bu, onların hamısına aid deyil. Çünki onlar sadəcə bu peşəyə ötəri bir vasitə kimi baxanlardır.

Əsl peşəkar taksi sürücüləri isə həqiqətən qazanc əldə etmək, ailəsini dolandırmaq üçün bu işə başlayıblar. Belə sürücülər heç vaxt düşüncəsiz və məsuliyyətsiz hərəkətlər etmirlər. Çünki bu, onların ömürlük qazanc yeridir. Heç biri də istəməz ki, çörək qazandığı bir yerə neqativ yanaşma olsun.

Ancaq təsadüfi insanlar da var və təəssüf ki, məhz onlar bu cür davranışlar nümayiş etdirirlər. Acı da olsa, belə mənzərə bəzən bəzi insanlarda bütün taksi sürücüləri haqqında mənfi təəssürat yaradır. Amma təbii ki, onların hamısı elə deyil”.

Chosen
9
13
nocomment.az

10Sources