EN

Adnan Əhmədzadə “çirkli” pulla qurduğu dəbdəbəli həyatı niyə reklam edirdi? -Psixoloji təhlil...


Bu günlərdə həbs olunan iş adamı Adnan Əhmədzadənin göz qamaşdıran dəbdəbəli həyatı sosial şəbəkələrdə gündəmə gətirilib. A.Əhmədzadənin dəbdəbəli həyatını əks etdirən görüntülər, həyat yoldaşı ilə müxtəlif bahalı məkanlarda, xarici ölkələrdə müxtəlif pozalarda çəkdirdikləri fotolar yayılır.

Çox maraqlıdır ki, belə insanlar düzgün yolla qazanmadıqları pullar hesabına özlərinə səltənət də qura bilir və bunu da xalqın gözündə sərgiləməkdən çəkinmirlər. Sanki qanunsuz üsullarla qazanılan var-dövlət hesabına qurduqları dəbdəbəli, bahalı həyatla, restoranlarda, istirahət mərkəzlərində xərclədikləri böyük pullarla, bunu əks etdirən fotolarla insanlarda qıcıq yaratmaq istəyirlər. A.Əhmədzadənin və həyat yoldaşının yaşadıqları dəbdəbəli həyat tərzinin bu şəkildə geniş reklam olunması müxtəlif suallar yaradır.

Adam əyri və qanunsuz yollarla pul qazanıb və bunu bildiyi halda bu dəbdəbəni reklam da edib. Ümumiyyətlə, belə insanların psixoloji durumunu necə izah etmək olar? Adam özü də bilir ki, bu pulu əyri yolla əldə edib, normal şəkildə bu qədər pul qazanmaq olmaz. Qanunsuz yolla qazanılmış pulların üstündə qurulmuş dəbdəbəli şəxsi həyatını bu şəkildə reklam etmək bir insan üçün hansı psixologiyadan irəli gəlir? Onun psixoloji portretini necə izah etmək olar?

Bildiyimiz kimi, siyasi liderlərdən tutmuş korrupsiya ilə məşğul olanlara, sadə insanlara, xalqlara qədər hər kəsin psixoloji portreti var. Bəzi psixoloqlar hesab edirlər ki, A.Əhmədzadə kimi adamları əsasən yeniyetməlik çağlarında qazandıqları travmalar bu yola məcbur edib. Yəni uşaqlıqdan bu kimi insanların fərqlənmək, özlərini göstərmək, dostları arasında sayılmaq üçün etdiyi cəhdlər alınmadığı üçün sonradan qanundan kənar yollarla külli miqdarda pul əldə etdikdə bu kimi davranışlar sərgiləyirlər. Bu qənaəti bölüşməyən psixoloqlar da var ki, onlar bunu ailədən gələn neqativ keyfiyyət kimi qəbul edirlər.

Fərqanə Mehmanqızı: “Şəxsiyyətlərinin formalaşdığı dövrlərdə güvənsiz, gərəksiz qadağalar içində böyüyən uşaqlar sonradan öz dəbdəbəli həyatlarını reklam etməklə təsəlli tapırlar”

Psixoloq Fərqanə Mehmanqızı “Bakı-Xəbər”ə bildirdi ki, bu gün sosial şəbəkələrin inkişafı insanların öz şəxsi həyatını daha qabarıq, daha ideal formada göstərməsinə gətirib: “Sanki insanlar arasında bir yarışma var. Bu yarışma da psixohəssas, travmalı, özgüvəni olmayan, şəxsiyyətində problem olan insanları daha aktiv şəkildə olan və olmayan həyatını daha göstərişli formada nümayiş etdirməyə gətirib çıxarır. Bu bir yarışmadır. Həyatları, maddi durumları daha zəif insanlar buna baxıb stress keçirir, onları izləməyə alırlar, belə dəbdəbəli həyat yaşamaq istəyirlər. Bu da cəmiyyətdə qarşıdurmaya gətirib çıxarır. Belə insanlar şəxsiyyətin formalaşması dövründə, yaşlarının az vaxtında həyatda o qədər sıxışdırılıblar, o qədər gərəksiz qadağaların içində böyüyüblər ki, sonradan öz dəbdəbəli həyatlarını göstərərək sanki içlərindəki o güvənsiz, incidilmiş uşağı hər an təskin etməyə çalışırlar. Budur məsələ. Şəxsiyyətlərinin formalaşdığı dövrlərdə güvənsiz, gərəksiz qadağalar içində böyüyən uşaqlar sonradan öz dəbdəbəli həyatlarını reklam etməklə təsəlli tapırlar. Belələri maddi durumu zəif olan insanlar arasında da var ki, guya varlıdılar, ideal həyat yaşayırlar və sair. Belə insanlara ümumi yanaşmaq lazımdır”.

Azad İsazadə: “Ailədə nə görübsə onu da təkrar edib, bu, ailədən gələn məsələdir”

Psixoloq Azad İsazadənin fikrincə isə, A.Əhmədzadənin bu davranışı əsasən iki amillə bağlı ola bilər. O, A.Əhmədzadənin psixoloji portretini izah edərkən bildirdi ki, bu, ailədən gələn acgözlülük də ola bilər: “İnsanlar kifayət qədər pul əldə etdikdən sonra sanki ayağının altındakı topağı hiss etmir. Pul bir qədər çox olanda insan çaşır. Elə bilir ki, bu pulla hər şey əldə edə bilər və “dünya mənimdir” deyir. Söhbət təkcə Adnandan getmir, o tipli insanlardan gedir. Oğruların, əyri yolla pul qazananlar da, təmiz yolla milyoner olanlar da özlərini fərqli hiss edirlər. Hesab edirlər ki, bu pul daimi olacaq, mənə heç nə olmayacaq, olsa da mən məsələni həll edə bilərəm. Mən konkret bilmirəm, Adnanın günahı nədir. Bunu istintaq göstərəcək. Amma Adnanı obraz kimi götürürüksə, ona iki tərəfdən yanaşa bilərik. Birincisini qeyd etdik. İkincisi də, pulun miqdarından asılı olmayaq insanlar acgöz və toxgöz olurlar. Kasıbların arasında da acgöz və toxgöz insanlara rast gəlinir, varlıların arasında da. Deməli bu, var-dövlətdən asılı deyil. Bir ailədə toxgözlük formalaşmayıbsa acgözlük, paxıllıq özünü göstərir, “nəyim varsa onu göstərməliyəm” kimi məsələ ortaya çıxır. O elə bir insan tipinə aiddir ki, var-dövlətini, nəyi var hamısını hamıya göstərmək, nümayiş etdirmək istəyir ki, məndə bu var, bu var və sair. İki psixoloji kompleks üst-üstə düşəndə biz belə halla rastlaşa bilərik. Yəni o, ailədə nə görübsə onu da təkrar edib, bu ailədən gələn məsələdir.

İradə SARIYEVA

Chosen
24
baki-xeber.com

1Sources