Sia Az saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlər üçün “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.
SİA xəbər verir ki, Komitədən verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov qeyd edib ki, qazilərin müalicəsi və sağlamlıqlarının bərpası ölkə başçısının daim diqqət mərkəzindədir. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının resursları səfərbər olunur. 27 Sentyabr - Anım Günü ərəfəsində Mərkəzi Gömrük Hospitalının ixtisaslaşmış tibbi briqadası tərəfindən Qala Dövlət Qoruğunda keçirilən bugünkü tibbi aksiya da, ilk növbədə, qazilərin və onların yaxınlarının, şəhid ailələrinin və eyni zamanda, yerli sakinlərin sağlamlığının qorunmasına yönəldilib.
Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev vurğulayıb ki, belə tədbirlər sağlamlıq problemlərinin erkən aşkarlanmasına və insanların profilaktik müayinələrdən keçirilməsinə mühüm töhfə verir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud göstərilən yüksəksəviyyəli tibbi xidmətə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə və həkim heyətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu cür aksiyalar şəhid və qazi ailələrinin, həmçinin yerli sakinlərin sağlamlığının qorunmasında xüsusi əhəmiyyət daşıyır.
Aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının müxtəlif ixtisaslı həkimləri tərəfindən 200 nəfərə kardioloji, uroloji, endokrinoloji, radioloji, nevroloji, oftalmoloji, ginekoloji, terapevtik, pediatrik və cərrahi xidmətlər daxil olmaqla 500-dən çox tibbi müayinə göstərilib. Səhhətində problem aşkar olunan şəxslərə USM, EKQ, ExoKQ, rentgen və digər müayinələr aparılıb, müalicə ilə bağlı tövsiyələr verilib və zəruri təyinatlar edilib.
Eyni zamanda, aksiyanın məqsədi sağlam həyat tərzinin əhəmiyyəti və xəstəliklərin erkən diaqnostikasının vacibliyi barədə əhalinin maarifləndirilməsidir. Tibbi aksiya iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun açıq havada və qapalı məkanlarda yerləşən muzeylərini ziyarət ediblər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə ödənişsiz tibbi-sosial aksiyalar təşkil olunur. Bu təşəbbüslər vətəndaşların sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.