EN

Bakıya ağlasığmaz şərt: Qarşılığında Ermənistan İrana birləşsin!

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın Ermənistandakı sabiq səfiri Mehdi Sübhaninin “Sülhün kəsişməsi” layihəsi ilə bağlı açıqlaması diqqət çəkib. Sübhani Ermənistan ərazisindən keçməklə Naxçıvandan Azərbaycanın qərb rayonlarına quru əlaqəsinin yaradılması qarşılığında, Ermənistanın da Culfa istiqamətində İranla əlaqəsinin yarana biləcəyini söyləyib.

O, Ermənistanın Yerasx və Culfa üzərindən İranla əlaqə qura biləcəyini qeyd edib.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, sabiq səfirin bu açıqlaması bir sıra suallar doğurur:

“Bu layihə doğrudan da regionda sülh və əməkdaşlıq üçün bir fürsətdirsə, niyə Tehran təmsilçiləri daim prosesə “əgər” və “amma”larla yanaşır? Sübhani deyir: “Əgər Ermənistan üzərindən Naxçıvanın Azərbaycana quru yolu açılsa, Ermənistan da Culfa istiqamətində İrana birləşə bilər.” Bu fikrin zahirən bərabərlik kimi təqdim olunmasına baxmayaraq, əslində ciddi bir siyasi manipulyasiya elementi daşıyır. Azərbaycan “Sülhün kəsişməsi”ni bölgədə uzunmüddətli sabitlik və iqtisadi inkişafın açarı kimi təqdim edir. Bu, bütün region dövlətlərinin, o cümlədən İranın maraqlarına uyğundur.

Lakin Mehdi Sübhani bu təşəbbüsə şərtli dəstək verərək onu balanslaşdırılmış deyil, şərtli razılaşma paketi kimi təqdim edir. Qeyd olunan yanaşma, “sən mənə yol versən, mən də sənə yol verərəm” məntiqinə əsaslanır ki, bu da Azərbaycanla dialoqa deyil, geosiyasi şantaja bənzəyir. Bölgədə sülh istənilirsə, layihəyə tam və şəffaf şəkildə dəstək verilməlidir – yarımçıq şərtlərlə deyil. Sübhaninin “layihənin qismən həyata keçirilməsi risklidir” fikri, əslində Tehran hakimiyyətinin Zəngəzur dəhlizinə qarşı olan narahatlığını əks etdirir. İran tərəfi yolun regionda yeni güc balansı yaradacağından çəkinir, çünki bu, Azərbaycanın geostrateji mövqeyini gücləndirəcək və beləliklə Tehranın İrəvan üzərindəki təsirini azalda bilər. Halbuki İran bu layihədən həm iqtisadi, həm də siyasi baxımdan faydalana bilərdi”.

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, İran rəsmilərinin bu tipli açıqlamaları Tehranın bölgədə sabitlikdən daha çox Ermənistanla xüsusi münasibətlərini qorumağa çalışdığını göstərir:

“Sübhaninin fikirləri bu siyasətin davamı kimi oxunur. Azərbaycan “Sülhün kəsişməsi” layihəsində kimsəni istisna etmir. Naxçıvanla quru əlaqənin qurulması təkcə Azərbaycanın deyil, regionun bütün ölkələrinin, o cümlədən İranın tranzit və ticarət imkanlarını artıracaq. Bu marşrutlar bütün qonşular üçün açıq olacaqsa, Sübhani kimi diplomatların hərtərəfli faydanı görməzdən gəlib şərtli razılaşma tələb etməsi anlaşılan deyil. Əgər İran həqiqətən sülh tərəfdarıdırsa, bu təşəbbüslərə siyasi oyunlar vasitəsilə yox, konstruktiv əməkdaşlıqla yanaşmalıdır”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
globalinfo.az

1Sources