EN

Türkiyəli general-mayor Yücel Karauz: "İkinci Qarabağ müharibəsində Azərbaycan tarixinin ən böyük zəfəri əldə edildi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sözümün əvvəlində Azərbaycanın haqq savaşı, istiqlalı və istiqbalı üçün uğrunda canlarını fəda edən, bu torpaqları vətənimizə çevirmiş, şanlı bayrağın rəngini öz qanları ilə daha da qırmızıya çevirən əziz şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla yad edirəm".
Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz 27 Sentyabr - Anım Günü ilə bağlı Oxu.Az-a açıqlamasında deyib.
O, Vətən müharibəsi nəticəsində Azərbaycan tarixinin ən mühüm zəfərinin əldə edildiyini vurğulayıb.
"Həm hərbi, həm də mülki şəhidlərimiz 44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan tarixinin ən böyük qələbəsinin əldə edilməsi üçün, milli-mənəvi dəyərlərimiz, bayrağımız, vətənimiz və tam müstəqilliyimiz üçün gözlərini qırpmadan canlarından keçdilər.
Şəhidlik zirvəsinə yüksəlmək hər insana nəsib olmur. Əlbəttə ki, onların ruhları Azərbaycanın getdikcə daha da gücləndiyi üçün şaddır. Şəhidlər əbədiyyətə qovuşduqları zaman deyil, unudulduqları zaman ölürlər. Bu baxımdan, edilən fədakarlıqların fərqində olan Azərbaycan xalqı dövlət, millət və ordu olaraq şəhidlərinə böyük ehtiram göstərir.
Eyni zamanda, şəhidlərin əmanəti olan analarımız, bacılarımız, onların dəyərli ailələri üçün məsuliyyət daşıyırıq. Onlar bizə qalan mənəvi mirasdır. Bu mirasa sahib çıxaraq, bu haqq savaşını anlayaraq, anladaraq və gələcək nəsillərə ötürərək borcumuzu hər zaman yerinə yetirməliyik.
27 sentyabr Anım Günü olmaqla yanaşı, eyni zamanda, tariximizə qızıl hərflərlə həkk olunmuş qürur günüdür. 30 ilə yaxın bir müddətdə anaların öz laylalarında "Qarabağ Azərbaycandır!" sözləri ilə böyütdükləri, Xocalıdan və digər işğal olunmuş ərazilərdən ailələri ilə birlikdə ayaqyalın və çılpaq şəkildə, min bir əziyyətlərə məruz qalaraq çıxarılan uşaqlar, bütün şəhidlərimiz öz canlarını fəda edərək bu torpaqların əsl sahiblərinin oraya qayıtmasını təmin etdilər.
Vətən, bayraq və dövlət uğrunda canından keçə bilmək, şəhid olmaq, belə qəhrəman övladlar yetişdirmək hər xalqa nəsib olmur. Hər bir şəhidimiz üçün kədərimiz sonsuzdur, lakin qazanılan qələbə ilə birlikdə çəkilən iztirablar da qürura çevrildi, eyni zamanda, tariximizin bu şanlı səhifəsi haqq-ədalət, var olmaq uğrunda mübarizə aparanlar üçün nümunə oldu. Bu Zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının Zəfəridir. Yaşasın Azərbaycan, yaşasın qəhrəman Azərbaycan xalqı, yaşasın şanlı Ordumuz və İkinci Qarabağ müharibəsi zamanı müdrik rəhbərliyi ilə bunları bir araya gətirən Ali Baş Komandan İlham Əliyev!
Qarabağ Azərbaycandır və üçrəngli bayrağımız hər zaman Vətən torpağı üzərində dalğalanacaq!" - deyə Yücel Karauz bildirib.
Söhrab İsmayıl
Chosen
15
50
oxu.az

10Sources