EN

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr – Anım Günü və 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.

Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildirilib ki, gənclər təşkilatlarının rəhbərləri, nümayəndələri və tələbə gənclərin iştirakı ilə Zəfər abidəsi ziyarət olunub. 2000-dən çox gəncin iştirak etdiyi yürüş zamanı şəhidlərimizin xatirəsi ehtiramla anılıb, abidə önünə gül dəstələri qoyulub.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının birgə təşkilatçılığı ilə tədbirlər çərçivəsində xarici gənclərin iştirakı ilə “Unity in Remembrance: Azerbaijan’s Story for the World” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə NAYORA-nın sədri Rafael Hacıbəyli, polkovnik-leytenant, Vətən müharibəsinin iştirakçısı Muraz Sadıqov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Proqram meneceri Gülüstam Kərimli çıxış ediblər. Onlar çıxışlarında Vətən müharibəsinin gedişi, Azərbaycan xalqının milli həmrəyliyi, ordumuzun şücaəti və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə edilən tarixi Qələbənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Çıxış edənlər, həmçinin şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və bu Zəfərin gələcək nəsillər üçün əbədi örnək olduğunu vurğulayıblar. Xarici gənclər tədbirdə iştirak edərək Azərbaycanın tarixində 44 günlük müharibənin rolu, xalqın birlik və həmrəyliyi, eyni zamanda, postmüharibə dövründə həyata keçirilən bərpa və sülh quruculuğu addımları barədə geniş məlumat alıblar. Tədbir gənclər arasında interaktiv sual-cavab sessiyası ilə davam edib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın və “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində şəhidlərimizin əziz xatirəsini yad etmək və qazilərimizin göstərdiyi qəhrəmanlığa hörmət ifadə etmək məqsədilə onların ailələri ziyarət olunub. Görüşlər zamanı vurğulanıb ki, 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində Qarabağ və digər işğal altındakı torpaqlarımız azad olundu və bu Qələbə Azərbaycan tarixində əbədi iz qoydu.

Şəhid ailələri dövlətimizin daim onların yanında olduğunu qeyd edərək, şəhid övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildiriblər. Onlar, həmçinin qazanılan tarixi qələbənin hər bir azərbaycanlının həyatında xüsusi önəm daşıdığını və övladlarının bu Zəfərdə payı olduğu üçün qürur duyduqlarını ifadə ediblər. Görüşlər zamanı şəhidlərimizin döyüş yolundan, həyat hekayələrindən, gənc yaşlarından daşıdıqları vətənpərvərlik və mübarizlik ruhundan danışılıb. Onların Ali Baş Komandan İlham Əliyevin çağırışına böyük qürurla qoşularaq Vətən uğrunda canlarını fəda etməsi xüsusi olaraq vurğulanıb. Qeyd edək ki, layihə 44 gün müddətində davam edəcək.

Eyni zamanda, ölkənin gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.

Bəyanatda vurğulanır ki, 2020-ci ildə qazanılmış tarixi Zəfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnib, əsrlərə yazılacaq qəhrəmanlıq səhifəsi yaradıb. Bu Qələbə ölkə rəhbərinin dəmir iradəsi, şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində mümkün olub. Azərbaycan gəncliyi şəhidlərimizin xatirəsi qarşısında baş əyir və onların qəhrəmanlığını gələcək nəsillərə ötürməyi özünün ali vəzifəsi hesab edir.

 

Chosen
24
1
azertag.az

2Sources