EN

Gəncədə Anım Günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib - FOTOLAR

Gəncədə 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, Gəncə şəhər Şəhidlər Xiyabanında baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə fəaliyyət göstərən universitet rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhərin Nizami Gəncəvi və Heydər Əliyev, Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixi 30 illik işğala, torpaq həsrətinə son qoyan tarixi Zəfərin başlanğıcı kimi yadda qalıb. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan və 44 gün davam edən əks-hücum əməliyyatı 10 noyabrda tarixi qələbəmizlə yekunlaşıb. Bu gün Vətənimizin hər bir guşəsində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır.

Qürurverici haldır ki, möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı 19 sentyabr 2024-cü il tarixli Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Chosen
34
48
unikal.az

10Sources